Bakıda pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə məsələləri müzakirə olunur

Bakıda pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə məsələləri müzakirə olunur

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti 2010-cu ilin 9-11 noyabr tarixlərində Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və BMT-nin Narkotiklər və Cinayət İdarəsi ilə birgə "Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığın aktual məsələləri" mövzusunda beynəlxalq seminar keçirir.

Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, beynəlxalq seminarda Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının, Maliyyə Monitorinqi Xidmətinin və digər müvafiq dövlət orqanları olmaqla ümumilikdə 7 dövlət orqanının əməkdaşlarından ibarət olan yerli mütəxəssislərlə yanaşı, Pakistanın müxtəlif dövlət orqanlarının əməkdaşları da iştirak edirlər. Bu isə keçirilən beynəlxalq seminarda pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etməyə və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına imkan yaradır.

Seminar Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və BMT-nin Narkotiklər və Cinayət idarəsinin 4 nəfər beynəlxalq eksperti tərəfindən aparılır. Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində uzunmüddətli peşəkar iş təcrübəsinə malik olan beynəlxalq ekspertlər tərəfindən keçirilən seminar praktiki xarakter daşıyır. Seminarda təqdimatlarla yanaşı, pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı konkret nümunələr və ölkə təcrübələri təhlil ediləcək, maliyyə monitorinqi orqanları ilə hüquq-mühafizə orqanları arasında əməkdaşlıq və məlumat bazalarından birgə istifadə məsələlərinə dair müzakirələr aparılacaq.

Maliyyə Monitorinqi Xidməti son bir il ərzində pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda 45, o cümlədən beynəlxalq ekspertlərin iştirakı ilə 9 təlim və seminarlar keçirmişdir. Bu təlim və seminarlarda 2700 nəfərdən çox yerli mütəxəssis iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə