Saxta elektrik kabel və naqillərinin satışının qarşısı alınıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Xırdalan şəhəri, Aşıq Ələsgər küçəsi, 5 ünvanında "Birlik" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisədə istehsal edilən 884 metr elektrik kabel və naqillərinin saxtalaşdırılaraq Türkiyə istehsalı kimi "TSE-TS 9758" türk standartına uyğun markalandığı, 6,6 min metr izoliyasiyalı kabellərin etiketlərinin üzərində məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənədin düzgün göstərilmədiyi aşkar edilib.
Nazirlikdən SİA-ya verilən məlumata görə, yoxlama zamanı həmçinin, müəssisənin anbarında məhsulların qablaşdırılmasında istifadə edilən normativ sənədlərin tələblərinə uyğun olmayan 92 kq bükmə materialı və 16 min ədəd kağız etiketlər aşkar edilib.
Yol verilmiş qanun pozuntuları ilə əlaqədar, saxta elektrik kabel və naqillərin satışının qadağan edilməsi, normativ sənədlərin tələblərinə uyğun olmayan izoliyasiya kabellərinin satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış malların geri yığılması, habelə naqillərin qablaşdırılmasında istifadə edilən saxta qablaşdırma materiallarının məhv edilməsi barədə "Birlik" MMC-yə icrası məcburi göstəriş verilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabət hallarının qarşısının alınması məqsədilə araşdırmalarını davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB