İlham Əliyev Azərbaycanda pambıqçılığın şöhrətini qaytarır

İlham Əliyev Azərbaycanda pambıqçılığın şöhrətini qaytarır

Son iki il ərzində pambıqçılığın bərpası istiqamətində görülən işlər bir daha bu sahənin çox böyük gələcəyinin olduğunu təsdiqləyib

Məlum olduğu kimi, martın 26-da Prezident İlham Əliyevin rəhbərliyi ilə Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirildi. Bərdədə belə bir müşavirənin keçirilməsi də təsadüfi deyildir. Çünki bir vaxtlar pambıqçılıq sahəsində respublikanın ən qabaqcıl rayonlarından biri olan Bərdə rayonu yenidən öz şöhrətini geri qaytarır. Ulu Öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində, məhz pambıqçılıqla bağlı 8 müşavirə keçirdiyi, vaxtilə 28 min hektar pambıq tarlasından 126 min tona yaxın məhsul tədarük edildiyi bu rayonda pambıqçılıq yenidən dirçəlməyə başlayıb. Əgər 2015-ci ildə Bərdədə cəmi 3 min ton pambıq yığılmışdısa, keçən il bu rəqəm 22 min 400 ton olub. Görülən tədbirlər nəticəsində iki il ərzində pambığın tədarükü təxminən 7-8 dəfə artıb.

Dövlət başçısının iştirakı ilə Bərdədə keçirilən müşavirə pambıqçılığın inkişafına dair respublikada baş tutan sayca 3-cü müşavirə idi. Bundan öncə, 2016-cı ildə Sabirabad, ötən ilin mart ayının sonunda isə Saatlı şəhərində müşavirələr keçirilib. Bu müşavirələrdə verilən tapşırıqlar, qarşıya qoyulan hədəflər düzgün müəyyənləşdirilib və mühüm nailiyyətlər qazanılıb. Son iki il ərzində pambıqçılığın bərpası istiqamətində görülən işlər bir daha bu sahənin çox böyük gələcəyinin olduğunu təsdiqləyib. "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" isə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə əlavə təkan verib. Pambıqçılığın inkişafı ilə bağlı mərkəzləşdirilmiş idarəetmə sistemi yaradılıb. Prezident Administrasiyası, yerli icra orqanları, şirkətlər, fermerlər və zəhmətkeşlər artıq bir nöqtəyə vuraraq, yaxşı nəticələrə imza atıblar. İki il ərzində əldə edilmiş rəqəmlər bunun ən yaxşı göstəricisidir.

Ümumiyyətlə, keçən il iqtisadi sahədə sabitləşmə ili olub, bu il isə inkişaf ilidir. Təkcə ilin iki ayı ərzində qeyri-neft sənayesi 8 faizdən çox, qeyri-neft sektoru 2,3 faiz, kənd təsərrüfatı 3,4 faiz, o cümlədən, bitkiçilik 40 faizdən çox artıb. Bu iqtisadi fəallıq həm də özəl sektorda iş yerlərinin yaradılmasına xidmət göstərir. Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılığın inkişafı ilə bağlı aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq, respublika üzrə pambıq əkini sahələri 18 min 800 hektardan 140 min hektara yüksəlib. İki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatıb.

Pambıq əkininə verilən subsidiyalar, gübrə və pestisidlərin istifadəsinə tətbiq olunan güzəştlər, "Aqrolizinq" ASC tərəfindən texnikaların güzəştli şərtlərlə satılması, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli şərtlərlə ayrılan kreditlər bu sahənin inkişafına müsbət təsirini göstərib. Cari mövsümdə pambığın alış qiymətinin hər kiloqram üçün 0,10 AZN artırılaraq, 0,60 AZN-ə çatdırılması, gübrələrə verilən güzəştlərin hər hektara 50 faiz, pestisidlərə verilən güzəştlərin isə 5 dəfə artırılması pambıqçıları sevindirib, bu sahəni daha gəlirli və fermerlər üçün cəlbedici edib.

Eyni zamanda, əmək tutumlu sahə olan pambıqçılığın inkişafı ilə bağlı ölkədə on minlərlə yeni iş yeri açılıb. Son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxındır. Bu, əlbəttə ki, bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi sosial sahədir. Bu sahə həm də çox gəlirlidir. Pambığın satışı üçün bazarlar axtarmağa da ehtiyac yoxdur. Çünki məhsul birjalarda satılır. Pambıqçılıq emal sənayesinə böyük təkan verir. Hazırda ölkədə pambıqtəmizləmə zavodları işləyir, həmçinin, müəssisələrdə pestisid istehsal edilir. Bu il isə Sumqayıtda böyük gübrə zavodu fəaliyyətə başlayacaq. Yəni artıq Azərbaycan özünü gübrələrlə təmin edəcək. Bununla yanaşı, ölkədə suvarma texnikasının istehsalı da təşkil edilib. Bu texnikanın istifadəsi nəticəsində, məhsuldarlıq artırıla bilər.

Fevral ayında Mingəçevir Yüngül Sənaye Parkının iki yeni müəssisəsinin fəaliyyətə başlaması bu istiqamətdə görülən işlərə təkan vermiş oldu. Belə ki, bu müəssisələrdə 20 min ton iplik istehsal olunacaq. Bu da əvvəlki dövrdə istehsal olunan ipliyin demək olar ki, yarısıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi, əgər ölkəmizdə pambıqçılıq sürətlə inkişaf etməsəydi, yəqin ki, bu müəssisələrə ehtiyac olmayacaqdı. Çünki bu fabriklər ancaq daxili xammal əsasında uğurla fəaliyyət göstərə bilər: "Azərbaycan bu gün pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkədir. İnanmıram, dünyada ikinci ölkə tapılsın ki, iki il ərzində pambıq tədarükünü altı dəfədən çox artıra bilsin".

Müşavirədə görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələrdən də söz açıldı, mühüm tapşırıqlar verildi. Qeyd edildi ki, növbəti illərdə əsas vəzifə məhsuldarlığı artırmaqdır. Keçən ilin təcrübəsi göstərir ki, bu sahədə böyük irəliləyiş var. "İndi əsas vəzifə ondan ibarətdir ki, bu müsbət dinamikanı saxlayaq, bunu artıraq və pambıqçılığın gələcək inkişafı ilə bağlı əlavə addımlar ataq. Bu il 22 rayonda pambıq əkiləcək və ümid edirəm ki, bütün bu rayonlarda məhsuldarlıq daha da yüksək olacaq"- deyən dövlət başçısı böyük həcmdə məhsul götürülməsinə baxmayaraq, bəzi rayonlarda məhsuldarlığın lazımi səviyyədə olmadığını söylədi və bunun səbəblərinin təhlil edildiyini diqqətə çatdırdı.

Əlbəttə ki, bu sahənin inkişafı müasir texnikaların istifadəsindən çox aslıdır. Qeyd edək ki, son iki il ərzində, ölkədə kənd təsərrüfatı texnikasına 300 milyon manatdan çox vəsait ayrılıb.

Müşavirədə qeyd edilib ki, əvvəlki dövrdə təkcə 370 pambıqyığan kombayn alınıb və bu il əlavə 100 pambıqyığan kombayn, ümumiyyətlə, pambıqçılıq üçün 3 mindən çox texnika alınacaq. Texnikanın alınması üçün bu il dövlət büdcəsində 160 milyon manat vəsait nəzərdə tutulub. Bunun 118 milyon manatı pambıqçılıq texnikasına xərclənəcək.

Ölkədə pambıqçılıq ancaq intensiv üsullarla inkişaf etməlidir. Bu səbəbdən də, torpaq fonduna çox ciddi yanaşılmalıdır. Tarla düşərgələri, içməli su ilə, nəqliyyatla təminat lazımi səviyyədə olmalıdır. Həm tədarükçü şirkətlər, həm yerli icra orqanları bu sahəyə xüsusi diqqət göstərməlidirlər. Bununla yanaşı, məhsul yığımı vaxtında aparılmalı və ləngimələr olmamalıdır.Qəbul məntəqələri, pambıqtəmizləmə zavodları fasiləsiz elektrik enerjisi ilə təmin edilməlidir.Keçən il olduğu kimi, bu il də bütün aidiyyəti qurumlar, mərkəzi, yerli icra orqanları, tədarükçü şirkətlər, fermerlər və zəhmətkeşlər birlikdə fəaliyyət göstərməlidirlər. Mövsüm ərzində mövcud olan, yəni qarşıya çıxacaq problemlər dərhal öz həllini tapmalıdır və Azərbaycan bu mövsümü maksimum səmərə ilə başa vurmalıdır.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə