ATU-nun alimləri yeni neftçıxarma qurğusu ixtira ediblər FOTO

ATU-nun alimləri yeni neftçıxarma qurğusu ixtira ediblər FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) maşınların konstruksiyaedilməsi kafedrasında enerji sərflərinin azaldılmasını və keyfiyyət göstəricilərini təmin edən ştanqlı nasosların mexaniki intiqalının yeni konstruktiv həllinin yaradılmasına həsr olunan tədqiqatlar aparılıb. Nəticədə yeni icralı balansirsiz mancanaq dəzgahlarının bir neçə yeni orijinal konstruktiv həlli yaradılıb, hazırlanıb və uğurla sınaqdan keçirilib. SİA xəbər verir ki, bunu AzTU-da elmi tədqiqatların nəticələrinə həsr olunan mətbuat konfransında həmin kafedranın müdiri, professor Əli Nəcəfov söyləyib.

Ə.Nəcəfov bildirib ki, kafedrada müxtəlif istiqamətdə elmi-tədqiqat işləri aparılır və son zamanlar iki önəmli ixtira üzərində çalışmışıq. Elmi tədqiqat işləri nəticəsində mancanaq dəzgahları və mancanaq dəzgahlarında və digər sahələrdə istifadə oluna biləcək reduktorlar ixtira edilib. Reduktor və mancanaq dəzgahının müxtəlif varianta laborator nümunələri yaradılıb və su quyusunda sınaqdan keçirilib. Son nəticədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Pirallahı qəsəbəsindəki Abşeron neft şirkətində reduktor altı ay müddətində uğurla sınaqdan keçib və müsbət nəticələr verib. Mancanaq dəzgahının yaradılmış yeni konstruktiv həlli bir sıra üstünlüklərə və xüsusiyyətlərə malikdir. Yeni mancanaq dəzgahlarında balansir deyilən qurğu yoxdur. Orda çevirici mexanizm dirsək sürüncək mexanizmi ilə əvəz olunub ki, bu da müxtəlif üstünlüklərə gətirib çıxardır.

Ə.Nəcəfov deyib: “Dəzgahın istifadəsi zamanı 25 faizədək enerjiyə qənaət olunacaq, ştanqların səmərəliliyi azalacaq, faydalı iş əmsalı altı faizədək artacaq. Yaradılmış mancanaq dəzgahı daha yaxşı dinamiki xassələrə malikdir, çünki dirsək müntəzəm fırlanır və balansirli mancanaq dəzgahlarından fərqli olaraq tarazlaşmamış kütlələr, dayağa üfüqi istiqamətdə təsir edən və işarəsini dəyişən qüvvələr yoxdur. Eyni zamanda, quyunun vadisi ilə daha yaxşı mərkəzlənmə təmin edilir, titrəmələr və dinamiki yüklər xeyli azalır".

AzTU-nun nəzdində fəaliyyət göstərən Maşınşünaslıq Elmi-Tədqiqat Mərkəzinin direktoru, professor Ayaz Abdullayev ixtira olunan reduktorların mancanaq dəzgahları ilə yanaşı, tanklarda, liftlərin qapı intiqalında, helikopterlərin baş reduktorlarında tətbiq edilə biləcəyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə