“Azərikimya”nın Üzvi sintez zavodunda məhsul istehsalına başlanılıb

“Azərikimya”nın Üzvi sintez zavodunda məhsul istehsalına başlanılıb
"Azərikimya" İB-nin Üzvi sintez zavodunun propilen oksidi sexində istehsal prosesi üçün mühüm olan propilenin istehsalına başlanılıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, maye xlorla yanaşı istehsal prosesi üçün mühüm olan digər komponentin – propilenin də yerli şəraitdə, "EP-300" kompleksində alınması elə ilk gündən propilen oksidi sexində işin ahəngdarlığının təmin edilməsinə imkan yaradıb. Nəzərdə tutulduğuna görə, neft-kimya sənayesinin bir çox mühüm sahələrində, o cümlədən sadə poliefirlərin, müxtəlif səthi aktiv maddələrin, qlikolların, qliserinin alınmasında istifadə olunan, lak-boya sənayesində, vinil qətranının alınmasında həlledici və stabilləşdirici kimi tətbiq olunan propilen oksidinin ilk partiyası yaxın 3-5 gün ərzində alıcılara çatdırılacaq. Üzvi sintez zavodunda propilen oksidi sexindən başqa digər istehsalat sahələrinin də fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulub. Alıcı tələbatından asılı olaraq yaxın vaxtlarda zavodda poliefir qətranı, propilen-qlikol, ferroxrom-liqnosulfonat və polietilen istehsalına başlanılacağı da gözlənilir.

Xatırladaq ki, "Azərikimya" İB-də aparılan əsaslı təmir işlərindən sonra artıq "Etilen-polietilen" zavodunda "EP-300" və "Polimir-120" komplekslərinin, Səthi Aktiv Maddələr zavodunda isə elektroliz istehsalat sahələrinin fəaliyyəti bərpa olunub. Üzvi sintez zavodunda propilen oksidi sexinin işə salınması bu sahədə qazanılan növbəti nailiyyət kimi mühüm əhəmiyyət kəsb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə