ARDNŞ-ın layihəsi Almaniya şirkəti tərəfindən müzakirə olunub

ARDNŞ-ın layihəsi Almaniya şirkəti tərəfindən müzakirə olunub
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (DIW econ GmbH) ilə birlikdə "ARDNŞ-də iqlim dəyişmələrinə təsirin azaldılması sahəsində strategiyanın inkişaf etdirilməsi" sənədinin layihəsini hazırlayıb. Strategiyanın əsas məqsədi ARDNŞ-nin müəssisələri, layihələrində şirkətin iştirak etdiyi əməliyyat şirkətləri və birgə müəssisələrdə enerji səmərəliliyinin artırılması, enerjiyə qənaət və atmosferə atılan istilik effekti yaradan qazların azaldılması tədbirlərinin həyata keçirilməsi yollarının araşdırılmasıdır.

Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu məqsədlə Ekologiya İdarəsində Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun, ARDNŞ-nin, "Azəriqaz", "Azneft", "Azərikimya" İstehsalat Birliklərinin, Heydər Əliyev adına BNEZ-in, "Azərneftyağ" NEZ-in, Qaz Emalı Zavodunun, "Qarasu" və "Binəqədioyl" əməliyyat şirkətlərinin mütəxəssislərinin iştirakı ilə seminar keçirilib. Seminarda ARDNŞ-nin Ekologiya İdarəsinin rəisi Azər Əliyev hazırlanan sənəd və ekologiya sahəsində ARDNŞ tərəfindən həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib. Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun mütəxəssisi Petra Opitz isə Strategiyanın fəaliyyət planı və stimullaşdırma meyarları haqqında danışıb. Çıxışlardan sonra fikir mübadiləsi aparılıb, verilən rəy və təkliflərin nəzərə alınması qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə