Naxçıvanda sular tədqiq edilir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun hidrogeologiya və mineral sular laboratoriyasının əməkdaşları Naxçıvan Muxtar Respublikasının coğrafi baxımdan fərqli hissələrində yerləşən su mənbələrinin - içməli, mineral və suvarma sularının yararlılığı və onların səmərəli istifadəsi ilə bağlı elmi-tədqiqat işləri aparırlar. AMEA-dan bildirilib ki, ötən il laboratoriyada Babək rayonu ərazisindən götürülən su nümunələrinin kimyəvi tərkibləri, minerallaşma dərəcələri, codluğu, quru qalıqları öyrənilib. Analizlərdə suların əsas komponentləri olan natrium və kalium ionlarının, maqnezium, xlorid, hidrokarbonat və sulfatın, bir neçə suda isə nitrat-ionlarının miqdarı müəyyənləşdirilib. Bulqan kanal suyunun və Çeşməbasar kollektorunun suvarmaya yararlılığı Steblerin suvarma əmsalı ilə dəyərləndirilib və müsbət nəticə əldə olunub. Qəbul olunmuş beynəlxalq standartlara əsasən, suların tərkibi Kurlov formulu ilə tədqiq edilib.

Babək rayonu üzrə öyrənilən su nümunələrinin fiziki-kimyəvi xüsusiyyətlərinin müqayisəli analizi nəticəsində isə hündürlükdən asılı olaraq sulardakı mineral komponentlərin miqdarları arasında korrelyasiya aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə