ARDNŞ-a məxsus dəniz yataqlarında ekoloji monitorinq aparılır

ARDNŞ-a məxsus dəniz yataqlarında ekoloji monitorinq aparılır
Xəzər dənizinin Azərbaycan sektorundakı Dövlət Neft Şirkətinə məxsus neft-qaz yataqlarında Ekologiya İdarəsi tərəfindən növbəti payız-qış mövsümləri üzrə planlaşdırılan ekoloji monitorinq işlərinə start verilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, monitorinqin mövsümlər üzrə aparılmasında əsas məqsəd istehsalat fəaliyyətinin ətraf mühitə təsirinin öyrənilməsi, dənizin ekoloji sisteminin hidroloji, hidrobioloji, bioloji, mikrobioloji, fizioloji tədqiqatlarıın və dəniz bioresurslarının, canlıların, dominantlıq təşkil edən qrupların növ müxtəlifliyinin və biokütlə dinamikasının öyrənilməsindən ibarətdir.

İşlər ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik, istehsalat və məişət tullantılarının idarə olunması sahəsində mövcud qanunvericiliyə, eləcə də ARDNŞ-nin Ekoloji siyasətinin tələblərinə uyğun həyata keçirilir. Bu günlərdə Ekologiya İdarəsinin Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən "8 Mart" yatağında monitorinq işləri aparılıb. Monitorinq zamanı yataq ərazisində seçilən 15 stansiyada dəniz dibi çöküntüləri, bentos, dəniz suyunda fitoplankton və zooplankton nümunələri götürülmüş, stansiyalarda dəniz axınları ölçülüb, suyun üst və alt qatlarının fiziki-kimyəvi parametrləri təyin edilib. Kompleks analitik təhlillərin aparılması üçün götürülən nümunələr Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə