Natiq Əliyev OPEK-in 50 illik yubileyinə həsr edilmiş forumda iştirak edəcək

Natiq Əliyev OPEK-in 50 illik yubileyinə həsr edilmiş forumda iştirak edəcək
Sənaye və energetika naziri Natiq Əliyev Səudiyyə Ərəbistanı Krallığında OPEK-in təsis edilməsinin 50 illik yubileyinə həsr edilmiş Beynəlxalq Energetika Forumunda iştirak edəcək. SİA-nın məlumatına görə, tədbirlərində OPEK-ə üzv ölkələrin neft və qaz sektoru üzrə nazirləri, aidiyyətli dövlət qurum və şirkətlərin rəhbərləri o cümlədən, transmilli energetika şirkətlərindən yüksək səviyyəli qonaqların iştirak edəcəyi qeyd olunur. Forumda Səudiyyə Ərəbistanı Kralı Abdullah bin Əbdüləziz əl-Səud və Səudiyyə Ərəbistanı Krallığının Baş nazirinin ikinci müavini, daxili işlər naziri şahzadə Naif bin Əbdüləziz əl-Səud iştirak edəcəklər. Forum çərçivəsində nazirin bir sıra ikitərəfli görüşlərinin, o cümlədən Səudiyyə Ərəbistanı Krallığının Neft və Mineral Ehtiyatlar Naziri, ARAMCO Dövlət Neft Şirkətinin müdiri və digər rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, Natiq Əliyevin "Azərbaycan və İslam Konfransı Təşkilatı, nailiyyətlər və perspektivlər" adlı təqdimatda da iştirak etməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə