Kənd təsərrüfatı nazirliyində Dünya Bankının nümayəndələri ilə görüş keçirilib
Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Dünya Bankının kənd təsərrüfatı üzrə tapşırıq qrupunun rəhbəri Bekzod Şamsiyev ilə görüşüb.
Görüşdə Cənubi Qafqaz ölkələrində rəqəmsal və mexanikləşdirilmiş kənd təsərrüfatı üzrə regional tədqiqatın başlanması ilə bağlı müzakirələr aparılıb.
Seyfəddin Talıbov 2014-cü ildən respublikamızda aqrar sahədə həyata keçirilən köklü dəyişikliklər barədə geniş məlumat verib. O, Dünya Bankının ölkəmizdə reallaşdırdığı layihələri yüksək qiymətləndirdiyini, bu əlaqələrin davamlı olaraq inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Nazir müavini Azərbaycanda kənd təsərrüfatının mexanikləşməsi və elektronlaşması istiqamətində əhəmiyyətli işlərin görüldüyünü, artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradıldığını, sistemin digər dövlət qurumlarının oxşar sistemlərinə inteqrasiya edildiyini diqqətə çatdırıb.
Seyfəddin Talıbov 2014-2017-ci illərdə kənd təsərrüfatı texnika parkının yeniləndiyini, dünyanın ən inkişaf etmiş ölkələrindən müasir texnikaların alınaraq ölkəmizə gətirildiyini, bu sahədə elektron sistemin qurulduğunu, həmin dövrdə kənd təsərrüfatı üçün alınmış yeni texnikanın ötən 9 ildə alınan texnikanın 60 faizini təşkil etdiyini bildirib. Həmçinin ixracyönümlü sahələrin inkişafı ilə bağlı yeni texnikaların alınması işlərinin həyata keçirildiyini, taxılçılıq və pambıqçılıq üzrə texnika parkının yeniləndiyini qeyd edib.
Bildirilib ki, 2014-cü ildən kənd təsərrüfatı texnikalarının elektron qeydiyyat sisteminin qurulmasına başlanıb. “Aqrolizinq” ASC-nin lizinq əməliyyatları elektron sistemə keçirilib. Həmçinin nazirliyin daha bir tabeli qurumu olan Dövlət Texniki Nəzarət Müfəttişliyi də fəaliyyətini elektronlaşdırıb. Gələcəkdə texnikaların peyk sistemi vasitəsilə izlənməsini tətbiq etmək planlaşdırılır.
Sonra Dünya Bankının nümayəndəsi, kənd təsərrüfatı iqtisadiyyatı üzrə mütəxəssis Bekzod Şamsiyev Cənubi Qafqazda aqrar sektorda innovativ texnologiyaların tətbiqi ilə bağlı tədqiqata başlamaq istədiklərini bildirib. Qonaq qeyd edib ki, regionda mövzu ilə bağlı hazırkı vəziyyət, dünyada mövcud innovativ texnologiyalar və bu texnologiyaların araşdırılan ölkələrdə tətbiqi imkanları öyrəniləcək və tövsiyələr hazırlanacaq. Tədqiq olunacaq innovativ texnologiyalar xəstəliklərin monitorinqi, investisiya ehtiyaclarının öyrənilməsi, bazar imkanlarının asanlaşdırılması, təchizat zəncirinin təşkili, ekoloji qiymətləndirmə kimi bir neçə qrupu əhatə edəcək. “Bu texnologiyalar dünyada yeni deyil. Sadəcə olaraq, getdikcə ucuzlaşır və daha əlçatan olur. Biz bu texnologiyalardan kənd təsərrüfatı məhsulları istehsalçılarının və onlara xidmət göstərənlərin faydalanmasına çalışacağıq”, – deyə Dünya Bankının nümayəndəsi diqqətə çatdırıb.
Seyfəddin Talıbov Dünya Bankı nümayəndəsinin təklifinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş bir sıra hədəflərə uyğun olduğunu bildirib və nazirliyin araşdırmaya istənilən dəstəyi verməyə hazır olduğunu əlavə edib.
Görüşdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri İlham Bayramov Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzrə görülmüş işlər barədə məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB