"Economist": "Avropanın enerji təhlükəsizliyində “Nabucco”nun rolu azalırmı?"
Avropanın enerji təhlükəsizliyində açar rolunda olduğu deyilən "Nabucco" təbii qaz kəməri layihəsi bu baxımdan əsrin layihəsi olaraq qiymətləndirilir. Ancaq texnoloji inkişaf və rəqib boru xətti layihələri "Nabucco"nun əhəmiyyətini təhlükə altına qoyur. SİA-nın məlumatına görə, "Economist" qəzeti layihənin gələcəyi ilə bağlı dəyərləndirmələr aparıb.
Keçmişdə Avropanın Qafqazın təbii qazını Rusiyadan yan keçən kəmərlərlə əldə etməyin bir xəyal olduğunu yazan qəzet "Nabucco" ilə bu xəyalın gerçəyə çevrildiyini bildirib. Qeyd olunub ki, keçən ay Dünya Bankı, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının 5 milyard dollarlıq kredit qərarı da layihənin icrasına sürət qazandırdı.
"Nabucco" hələ tamamlanmış bir layihə deyil. Layihənin ən böyük iki ortağı (Almaniyanın RWE və Avstriyanın OMV) 8 Oktyabr tarixində verdiyi açıqlamasında 2011-ci ilin investisiya qərarını hələ qəbul etmədiklərini bildirib. RWE layihənin Türkiyə hissəsini tikmək istəyir. Qəzet isə hesab edir ki, Türkiyə yerli şirkətlərin də bu tortdan pay ala biləcəyi bir tenderin keçirilməsini nəzərdə tutur.
"Economist" hesab edir ki, layihənin həyata keçirilməsində bir başqa əngəl isə təbii qaz mənbələri ilə bağlıdır: "Nabucco"nun ilk mərhələdə Azərbaycandan illik 8 milyard kubmetr qaz alması lazımdır, amma kəmərin daha sabit işləməsi üçün daha çoxuna ehtiyac var. Ən məntiqli variant Türkmənistandır. Digər tərəfdən Azərbaycan qazına göz dikən yalnız "Nabucco" deyil. Rəsmi Bakı Rusiya ilə danışıqları davam etdirir və iki rəqib layihə də Azərbaycan qazını Türkiyə və Yunanıstan üzərindən İtalyanın cənubuna çatdırmaq niyyətindədir. Bu vəziyyət Avropanın qaz ehtiyacı probleminə əlac tapmasa da, Adriatik marşrutu xərc və siyasət baxımından daha asan ola bilər.
"Türkiyəni prosesdən kənarlaşdırması istiqamətində də işlər görülür". Bunu da "Economist" yazıb. Qəzet misal olaraq AGRI layihəsini göstərir: "AGRI kimi aşağı xərcli layihələr "Nabucco" qədər təbii qaz daşıya bilməsə də, heç olmasa Türkiyəyə veriləcək tranzit ödənişlərinə qənaət edilir. AGRI-nin əsl məqsədinin Türkiyənin müzakirələrdəki davranışlarının yumşaldılması olduğu deyilir. Rusiya da "Cənub axını" və "Şimal axını" layihələrində təzyiqini davam etdirir. "Cənub axını"na Almaniyadan dəstək gəlsə də layihənin icrasında müəyyən problemlər var. Bolqarıstan da Rusiyadan olan enerji asılılığını azaltmaq üçün səy göstərir. "Şimal axını"nın inşası isə davam edir".
Avropa Komissiyası birliyin qaz bazarının liberallaşdırılması istiqamətində addımlar atır. Belə ki, qəbul olunacaq yeni bir qərar təbii qaz boru xətlərini geri çevirə bilər. Yəni, həm Avropaya, həm də Avropa daxilində qaz daşınması nəzərdə tutulur. Bununla da Rusiyanın əli zəifləmiş olur. Ancaq ən əhəmiyyətli proseslər dənizlərdə baş verir. Dünya qaz bazarında qaz qıtlığının yaranması ilə Avropanın enerji təhlükəsizliyi haqqında şübhələr ortaya çıxmışdı. Ancaq ABŞ-ın dənizlərdə qaya laylarının altında sıxışan və şist qazı deyilən təbii qazı bazara çıxartması və idxalı dayandırması ilə bu çətinlik dəf edildi.
Qəzet sonda yazır: "Nabucco" bu gün hələ də bir sığorta siyasəti olaraq və Avropanın ortaq enerji siyasətinin boş söz olduğunu göstərmək baxımından əhəmiyyətlidir. Ancaq texnologiya və bazar "Nabucco"nun həll etməyə çalışdığı problemi çoxdan həll etmiş ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB