Ağdaşda sahibkarların maarifləndirilməsi tədbiri keçirilib

Ağdaşda sahibkarların maarifləndirilməsi tədbiri keçirilib

İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, sahibkarlığın məsləhət-informasiya təminatının yaxşılaşdırılması istiqamətindəki tədbirlərinə davam edir.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu gün Ağdaş rayonunda İİN-nin Bakı Biznes Tədris Mərkəzinin (BBTM) təşkilatçılığı ilə "Regionlarda sahibkarların maarifləndirilməsi" mövzusunda tədbirin növbəti mərhələsi keçirilib. Tədbirdə İİN-nin, Ağdaş Rayon İcra Hakimiyyətinin və BBTM-nin nümayəndələri, həmçinin 100-ə yaxın sahibkar iştirak edib. İİN-nin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin sektor müdiri Siyavuş Mustafayev, regionların inkişafı və dövlət proqramları şöbəsinin baş məsləhətçisi Hüseyn Məmmədov çıxış edərək dövlət başçısı tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıblar.

Bununla yanaşı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində regionlarda müasir texnologiyaların tətbiqi ilə yeni müəssisələrin və iş yerlərinin yaradıldığı da qeyd olunub. BBTM-nin direktor müavini Rahim Mürsəlov sahibkarların maarifləndirilməsi, onların zəruri nəzəri biliklərə və praktiki bacarıqlara yiyələnməsi, beynəlxalq təcrübənin öyrənilməsi, sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi¬ istiqamətində mərkəzin gördüyü işlər barədə məlumat verib. Direktor müavini BBTM-nin maarifləndirmə tədbirlərinin ənənəvi xarakter aldığını və belə tədbirlərin ölkənin bütün regionlarını əhatə edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə