Bayram günləri otellərdə yer qalmayıb ARAŞDIRMA

Yeni il bayramına 15 gündən artıq vaxt qalmasına baxmayaraq rayonlardakı istirahət mərkəzlərində demək olar ki, yer qalmayıb. Dekabrın 30-dan yanvarın 4-dək olan yerlər çoxdan bron edilib. Hətta yeni il axşamı üçün bahalı suitlər belə bron olunub. Suitlərin qiyməti isə bir gecəsi 2400, 3000 manat təşkil edir.

Qeyd edək ki, baha olmasına baxmayaraq artıq məşhur otellərin suitləri məşğuldur. SİA-nın apardığı araşdırma zamanı bəlli oldu ki, Yeni il gecəsini əsl qış nağılındakı kimi yaşamaq istəyənlər ölkəmizin qış turizm obyektlərindəki yerləri sən demə iki ay bundan qabaq bron edib.

Şahdağ otellərində qiymətlər

Qusar şəhərindən 30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndi ərazisində yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksi qapılarını qonaqların üzünə açdığı elə ilk günlərdən turistlərin böyük marağına səbəb olub. Şahdağ istirahət kompleksi ilə əlaqə saxladıq və məlum oldu ki, bayram günlərində istirahət üçün bu kompleksdə artıq yer qalmayıb.

Qeyd edək ki, mərkəzdə "Şahdağ Hotel və Spa" hoteli və "Zirvə" hoteli xidmət göstərir. "Şahdağ Hotel və Spa" hotel 5 ulduzlu, "Zirvə" hoteli isə 4 ulduzlu hoteldir və yanvar ayının 7-dən sonra bu hotellərdə yer var. Yanvar ayı üçün "Şahdağ Hotel və Spa" hotelində həftə içi 2 nəfərlik plaza mənzərəli otağın bir gecəsi 190 AZN, dağ mənzərəli otağın bir gecəsi isə 210 AZN təşkil edəcək, həftə sonu isə plaza mənzərəli 220 AZN, dağ mənzərəli 240 AZN təşkil edir. Qiymətə səhər yeməyi, pulsuz avtodayanacaq, pulsuz internet və Spa xidmətləri ( hovuz, trenajor, sauna və türk hamamı) daxildir

Yanvar ayı üçün "Zirvə" hotelində isə 2 nəfərlik otağın 1 gecəsi həftə içi 160 AZN, həftə sonu isə 190 AZN təşkil edəcəkdir.

"Zirvə" də isə qiymətə səhər yeməyi, pulsuz avtodayanacaq, pulsuz internet daxildir. Əlavə 1 uşaq olduqda Qiymət + 15 AZN təşkil edəcək.

Yeni ildə az qala Qəbələdə istirahət 500 manata

Qəbələdə bir çox hotellərdə artıq bayram günlərində yer qalmayıb. Bulardan biri Tufandağ istirahət mərkəzidir. “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin məqsədi ölkəmizdə il boyu dağ turizmini inkişaf etdirmək, yerli və xarici turistlərin yüksək səviyyəli istirahətini təmin etməkdir. Dağlıq ərazidə istirahət üçün bütün əlverişli şəraitə malik olan bu rekreasiya-turizm obyekti Qəbələ şəhərindən təxminən 4 km aralıda yerləşir və qeyd edək ki bu kompleksdə ayın 30-4 nə kimi bütün yerlər bron olunub. Qeyd edək ki, burada yanvar ayının 15-nə kimi yer yoxdur. Adi günlərdə isə standart otağın qiyməti 270 manatdan başlayır . Həftə sonu və həftə içi bu qiymət dəyişə bilir. Bu qiymətə sadəcə olaraq oteldə gecələmək daxildir.

Qəbələ də yerləşən Qafqaz Karvansaray Hotel beş ulduzlu hoteldir. Hotel Qafqaz dağlarını ətəyində şəhərin mərkəzinə yaxın olan ərazidə yerləşir. Demək olar ki, bayram günləri üçün yerlər bron edildiyindən iki nəfərlik balaca otaqlar və əsasən tək nəfərlik otaqlar təklif edilir və 31-1 üçün iki nəfərlik qiymətlər 656 manat təşkil edir.

Qafqaz Sport Hotel Qəbələ şəhərinin mərkəzinə yaxın yerləşən beş ulduzlu hoteldir. Digər hotellərdən fərqli olaraq həftəsonu və həftəiçi qiymətlər eynidir. Bu iki nəfər üçün 31-1 dekabr 555 manat təşkil edir və ayın 1 üçünsə 215 manat təşkil edir.

Naftalanda yer qalmayıb

Naftalanın turizim obyektlərində yerlər yerli və xarici turistlər tərəfindən öncədən sifariş olunub. Əsasən bron edənlər yerli vətəndaşlardır. Çinar, Qarabağ və Qaşaltı hotellərindəki yerlərin çoxu qabaqcadan sifariş ediləndir. Bura xarici turistlərdən əsasən Rusiya, Latviya və ərəblər üstünlük təşkil edir.

Bayramı xaricdə keçirənlər

Bayramı xaricdə qeyd etmək istəyənlər artıq sərfəli tur paketləri almaqdadırlar. Azərbaycanlı turistərin ən çox üz tutduğu ölkələr İstanbul, Batumi və Dubay şəhərinədir. Əsasən bu paketlər 3 gecə 4 günlük təşkil edir. Turun qiyməti 186 və 195 manat arasında dəyişir. Bura qonaqlama səhər və axşam yeməyi daxildir. Dubaya səyahət etmək istəyənlər isə 3 gecə 4 günlük 390- 400 dollar xərcləməli olacaqlar, bura gediş gəliş səhər yeməyi və aviabilet daxildir.

Gürcüstanın Bakuriani məşhur dağ-xizək kurortu azərbaycanlı turistləridə özünə cəlb edir. Burada 3 ulduzlu oteldə iki nəfər üçün gecələmək 265-280 dollar təşkil edir. Turun müddəti 29 dekabr və 2 yanvar tarixlərini əhatə edir. Bura əsasən gecələmə səhər yeməyi və qala gecəsi daxildir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə