Azərbaycanla Meksika arasında rabitə sahəsində əməkdaşlıq sazişi imzalanıb

Azərbaycanla Meksika arasında rabitə sahəsində əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov cari ilin 10-13 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Qvadalaxara şəhərində keçirilən Beynəlxalq Telekomunikasiya İttifaqının Səlahiyyətli Konfransında iştirak etmək üçün Meksikada səfərdə olub. Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən SİA-ya verilən xəbərə görə, nazir Ə.Abbasov Qvadalaxara şəhərində Konfransın işi çərçivəsində BTİ-nin Baş Katibi H.Ture və bir sıra dövlətlərin nümayəndə heyətləri ilə görüşlər keçirib, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb. Konfrans çərçivəsində nazir Ə.Abbasov Afrika ölkələrinin toplantısında çıxış edib.

 

Daha sonra Ə.Abbasov Meksikanın paytaxtı Mexiko şəhərində səfərdə olub. Mexiko şəhərinə səfər çərçivəsində nazir Ə.Abbasov Karlos Slimin rəhbərlik etdiyi "Grupo Carso" birliyinin tərkibinə daxil olan Telmex və Telcel şirkətlərinin fəaliyyəti ilə tanışlıq xarakterli görüşlər keçirib, həmçinin Meksika paytaxtı Ali Məhkəməsinin sədri Edqar Elias Azar ilə görüşüb. Mexiko Ali Məhkəməsinin sədri ilə görüşdə rabitə və informasiya texnologiyaları sahəsində investisiya qoyuluşlarının qorunması üçün hüquqi bazanın inkişaf etdirilməsi və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edib.

 

Eyni zamanda rabitə və informasiya texnologiyaları naziri Ə.Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Meksikanın rabitə və nəqliyyat naziri Xuan Fransisko Molinar Orkasitas ilə görüşüb. Görüş zamanı Azərbaycan və Meksika arasında münasibətlərin inkişaf etdirilməsi, iki ölkənin rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.

 

Görüşün sonunda, Azərbaycan Respublikası və Meksika Birləşmiş Ştatları Hökumətləri arasında telekommunikasiya və rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

 

Nazir Ə.Abbasovun Meksikaya səfəri çərçivəsində, həmçinin 2010-cu ildə Meksika Müstəqilliyinin 200 illik və İnqilabının 100 illik yubileyinin qeyd edilməsi münasibəti ilə Azərbaycan və Meksikanın poçt xidmətlərinin "Tarixi yerlər" mövzusunda birgə hazırladığı "Azərbaycan–Meksika Birgə Buraxılışı" poçt markalarının dövriyyəyə buraxılması ilə əlaqədar rəsmi təqdimat keçirilib. Azərbaycan tərəfinin poçt markalarında qədim Atəşgah məbədi, Meksika Poçt Xidmətinin hazırladığı markalarda isə Ay Ehramı tarixi abidəsinin rəsmləri əks etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə