Kolbasa istehsalı ilə məşğul olan “AY-MİN” MMC-də qanun pozuntuları aşkar edilib

Kolbasa istehsalı ilə məşğul olan “AY-MİN” MMC-də qanun pozuntuları aşkar edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Abşeron rayonu, Sumqayıt şossesi, 14-cü km ünvanında fəaliyyət göstərən "AY-MİN" MMC-də apardığı yoxlama zamanı müəssisədə istehsal edilən "Doktorskaya Russkaya" kolbasasının və "Südlü halal" sosiskasının üzərində yararlılıq müddətinin normativ sənədlərdə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, "Halal pəhriz", "Moskovskya", "Həvəskar halal", "Halal" əla növ bişmiş, "Krakovskaya" əla növ hisə verilmiş, "Sosislər halal", "Sosiska kürə" kolbasa məmulatlarının uyğunluq və gigiyenik sertifikatları olmadan istehsal edildiyi, həmçinin kolbasa istehsalı və qablaşdırılmasında mənşəyi bəlli olmayan rəngləyici maddələrdən, qablaşdırma materiallarından istifadə olunduğu aşkar edilib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə istehsal edilən hisə verilmiş "Taqanskiy servelat", "Ovçu", bişmiş "Sinyuq lyubitelskaya" və toyuq ətindən hazırlanmış kolbasaların etiketlərinin üzərində məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənədin düzgün göstərilmədiyi müəyyən edilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti araşdırmalarını davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə