Səlim Müslümov: “Gələn il üçün əmək pensiyalarının orta aylıq məbləği 118 manat nəzərdə tutulur”
"Qlobal maliyyə böhranının davam etdiyi əksər ölkələrdə sosial göstəricilərin aşağı düşdüyü bir şəraitdə cari ilin yanvar- avqust aylarında ölkəmizdə əhalinin pul gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 10,2%, adambaşına düşən gəlirlər 9,8%, bir hissəyə hesablanmış orta aylıq əmək haqqı 5,7%, əmək pensiyasının orta aylıq məbləği isə 11,1% artıb". SİA-nın verdiyi xəbərə görə, bu sözləri DSMF-nın sədri Səlim Müslümov Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi ilə bağlı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, cari ilin doqquz ayında DSMF-nın gəlirləri 1 mld. 275 mln. manat, o cümlədən sosial sığorta haqları 777 mln manat, dövlət büdcəsinə transfer 497 mln manat və sair gəlirləri 1,3 mln manat təşkil edib. S. Müslümov vurğulayıb ki, cari ilin doqquz ayı ərzində DSMF- nun xərcləri 1 mld 267 mln manat olub ki, bu da ötən illə müqayisədə 4,8% çoxdur.
O söyləyib ki, DSMF-nin 2011-ci il üçün büdcə layihəsi tərtib edilərkən Azərbaycan prezidentinin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta pensiya sisteminin inkişafına dair " Dövlət Proqramı ilə müəyyən olunmuş əsas məqsəd və vəzifələr, eləcə də ölkə iqtisadiyyatının başlıca inkişaf meylləri və proqnozları, həmçinin DSMF-nin cari il büdcəsinin icrası üzrə gözlənilən nəticələr ölkənin demoqrafik inkişaf meylləri və sığorta pensiya sistemi siyasətində baş vermiş və nəzərdə tutulan dəyişikliklər əsas götürülüb.
" DSMF-nin 2011-ci il büdcəsi haqqında qanun layihəsi gəlir və xərcləri balanslaşdırılmış büdcəni nəzərdə tutur və burada gəlir və xərcləri 1 mld 970 mln 540 min manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 12,1% və ya 213,3 mln manat çoxdur. Əhaliyə ödənişlər bütün xərclərin 97,3%-i qədər, yəni 1 mld 917,7 mln manat təşkil edəcək. Əhaliyə ödənişlərin mütləq həcmi cari illə müqayisədə 229,4 mln və ya 13,6% artacaq. Həm də bu ödənişlərin bütün xərclərdəki xüsusi çəkisi 1,2% yüksələcək ki, bu da əhaliyə ödənişlərin həcminin artım sürətini, büdcənin bütün xərclərinin artım sürətini üstələməsinin nəticəsidir. Əhaliyə ödənişlərin 1 mld 853 mln manatını və ya 96,6%-i pensiya xərcləri, 64,6 mln manatını və ya 3,4%-i isə müavinət xərcləri təşkil edir. Pensiya xərcləri cari illə müqayisədə 13,4% və ya 190,6 mln manat çox pronozlaşdırılır. Müavinət xərcləri isə 10,2 mln manat və ya 18,7% artacaq. Pensiya xərclərinin 71%-i və ya 1 mld 317 mln manatını pensiyaların baza hissəsinin 29%-i və ya 536 mln manatı sığorta hissənin ödənişi üzrə xərclər təşkil edəcək. Pensiyaların baza hissəsi üzrə xərclər cari ilə nisbətən 178 mln manat, sığorta hissəsi üzrə xərclər isə 41 mln manat artacaq. Baza hissəsinin artımının sığorta hissəsinin artımını üstələməsi ümumi pensiya xərclərində baza hissəsinin xüsusi çəkisinin 1,3% artmasına səbəb olacaq",- deyə DSMF sədri vurğulayıb.
Çıxışı zamanı DSMF sədri bildirib ki, pensiyaların baza hissəsinin hesablanması zamanı bir sıra məsələlər nəzərdə tutulub: " Belə ki, 2011-ci ildə əmək pensiyaçılarının sayının dəyişməyəcəyi, yəni sistemdən çıxan və sistemə daxil olan şəxslərin sayının təqribən bərabər olacağı və pensiyaçıların orta illik sayının 1 mln 308 min nəfər təşkil edəcəyi nəzərdə tutulur. Bu şəxslərdən 1 mln 168 min nəfərinin pensiyasının baza hissəsi 100%, 15min 900 nəfəri 120%, 7min 650 nəfəri 200%, 28 min 860 nəfəri 55%, 87min 860 nəfərinki isə 50%-lə ödəniləcək. Göründüyü kimi, şəxslərə əmək pensiyalarının baza hissəsi şəklində cəmi 1 mld 286 mln manat ödəniləcək, lakin bundan başqa əmək pensiyaları haqqında qanunun 19-cu maddəsinə uyğun olaraq bir sıra kateqoriyalı pensiyaçıların, yəni həlak olmuş və sonaradan vəfat etmiş Milli Qəhramanlarının ailə üzvlərinə, şəhid ailələrinə və digərlərinə pensiyaların baza hissəsinə müvafiq əlavələrin 5%-dən 200%-ə qədər əlavələrin ödənilməsinə 31 mln manat vəsait sərf olunacaq. Ümumilikdə gələn il üçün əmək pensiyalarının orta aylıq məbləği 118 manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 14 manat və ya 13,4% yuxarıdır. 2011-ci ildə məcburi dövlət sosial sığorta haqqları hesabına verilən müavinətlərin proqnozu 64,5 mln manat nəzərdə tutulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB