"Qeyri-OPEC tərəfdaşlarımızın dəstəyi olmasaydı..."

"Qeyri-OPEC tərəfdaşlarımızın dəstəyi olmasaydı..."

"Qeyri-OPEC tərəfdaşlarımızın dəstəyi olmasaydı, bu gün əldə etdiyimiz ümidverici vəziyyətə nail ola bilməzdik". Bu sözləri Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri və OPEC Konfransının prezidenti Xalid Əbdüləziz Əl Falih Vyanada təşkilatın Nazirlər Şurasının 173-cü iclasının açılışındakı çıxışında söyləyib.

Dünya neft bazarlarındakı vəziyyəti şərh edən nazir qeyd edib ki, bu ilin may ayında keçirilən iclas neft hasilatının azaldılması ilə bağlı hələ görüləsi işlərin çox olduğunu göstərib. Məhz buna görə də həmin iclasda hasilatın azaldılmasına dair əldə edilmiş “Əməkdaşlıq bəyannaməsi”nin daha doqquz ay müddətində uzadılması qərara alınıb. Dünya bazarlarının gedişatı həmin vaxtdan bəri göstərir ki, müddətin uzadılması barədə qərar düzgün olub. Ciddi rəqəmlər müsbət bazar ab-havasının mövcudluğundan xəbər verir.

Nazir çıxışında xüsusilə bildirib ki, bu sahədə gələcəkdə də uğurlu fəaliyyəti davam etdirə bilmək üçün OPEC daxilində vəhdəti qoruyub saxlamaq lazımdır. O, bu uğurda qeyri-OPEC ölkələrinin də xüsusi rolunu diqqətə çatdırıb: “Ona görə də biz çalışmalıyıq ki, OPEC və qeyri-OPEC arasındakı əməkdaşlıq çərçivəsini institutlaşdıraq və artıq təməlini qoyduğumuz sağlam bünövrə üzərində inkişafına nail olaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə