İqtisadi Tədqiqatlar Mərkəzi: “Bu il ən yüksək infilyasiya sentyabr ayında qeydə alınıb”

İqtisadi Tədqiqatlar Mərkəzi: “Bu il ən yüksək infilyasiya sentyabr ayında qeydə alınıb”

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən "Alternativ inflyasiya səviyyəsinin hesablanması və modellərin işlənilməsi" layihəsi çərçivəsində Azərbaycanın 22 regionunda 2010-cu ilin sentyabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edib. SİA-ya Mərkəzdən verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə İTM İdarə Heyəti sədrinin müavini Rasim Hüseynov çıxış edərək, 9 ayda ən yüksək inflyasiyanın sentyabrda qeydə alındığını bildirib. Belə ki, aparılmış statistik müşahidələrin nəticəsi göstərir ki, ay ərzində Azərbaycanda istehlak qiymətləri 1,68 faiz artıb. Bu zaman Bakıda qiymətlər 2,13 faiz, regionlarda isə 1,25 faiz artıb. Bu ilin doqquz ayında ölkədə 4,96 faiz inflyasiya baş verib.

 

Sentyabr ayı ərzində ərzaq məhsulları üzrə ən çox bahalaşma yer pomidoru (32,19), qarabaşaq yarması(24,68), yer xiyarı (29,32 faiz), bulka (5,91 faiz), xidmətlər üzrə institutlarda (seminariyalarda) təhsil haqqı (10,40 faiz), ən çox ucuzlaşma isə ərzaq məhsullarından nar (11, 07 faiz), qeyri-ərzaq məhsullarından kişi üçün cins şalvarlar (3,11 faiz), minik avtomobilləri üçün ehtiyat hissələri və avadanlıqlar(9,34 faiz), maykalar, futbolkalar(3-6 yaşlı uşaqlar üçün) (4,90 faiz), xidmətlərdən isə hava sərnişindaşıma nəqliyyatı (4,17 faiz) üzrə qeydə alınıb. R.Hüseynovun sözlərinə görə, bahalaşma tendensiyası davamlı olacaq: "İnflyasiyanın səviyyəsindəki artımın iki mühüm səbəbini qeyd etmək olar. Birincisi, daxili bazarda idxal mallarının çəkisinin sürətlə artmasıdır. Hesablamalara görə, Azərbaycanın istehlak bazarı 50 faizdən yuxarı idxal hesabına formalaşır. Qlobal iqlim dəyişiklikləri əksər regionlarda kənd təsərrüfatı məhsulları istehsalını aşağı salıb. Bu isə dünyada qiymətlərin bahalaşmasına səbəb olur. İnflyasiyanı şərtləndirən digər amil iqlim kataklizmlərinin daxildə kənd təsərrüfatı istehsalına mənfi təsiridir. Məhsuldarlığın və ümumilikdə istehsalın aşağı düşməsi ərzaq məhsullarının qiymətində ciddi artımlara gətirib çıxarır." Ekspert hesab edir ki, İTM-in illik inflyasiya səviyyəsi ilə bağlı verdiyi proqnoz özünü doğruldacaq: "İlin yekununda təxminən 8-9 faizlik inflyasiya olacağını gözləyirik."

 

İTM ekspertləri həmçinin Azərbaycanın 22 regionunda 2010-cu ilin sentyabr ayı ərzində aparılan qiymətlərin statistik müşahidəsinin nəticələri və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında sentyabr ayı üzrə minimum istehlak səbətinin dəyərini hesablayıblar. Həmin hesablamalara əsasən, ötən ay Azərbaycanda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün adambaşına 141,07 manat, pensiyaçılar üçün 130,07 manat, 0-14 yaşlı uşaqlar üçünsə 160,04 manat təşkil edib. Sentyabr ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 80,52 manat, pensiyaçılar 76,03 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 92,84 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 34,89 manat, pensiyaçılar üçün 31,21 manat, 0-14 yaşlı uşaqlar üçün 49,74 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,66 manat, 22,83 manat və 17,46 manat təşkil edib.

 

Xatırladaq ki, "Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında" Qanunun əsasında ölkədə 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə