Sahibkarların maarifləndirilməsi tədbirləri Göyçayda davam etdirilib

Sahibkarların maarifləndirilməsi tədbirləri Göyçayda davam etdirilib

Oktyabrın 8-də İqtisadi İnkişaf Nazirliyinin və Göyçay Rayon İcra Hakimiyyətinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə "Regionlarda sahibkarların maarifləndirilməsi" mövzusunda Göyçay rayonunda növbəti tədbir keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Göyçay Rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Göyçay rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev, Regionların inkişafı və dövlət proqramları şöbəsinin baş məsləhətçisi Fəxrəddin Behbudov, İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Mehdi Həsənov qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatı davamlı olaraq inkişaf edir, sahibkarlıq fəaliyyəti genişlənir, dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlarda yeni müəssisələr və iş yerləri açılır.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, onların zəruri nəzəri biliklərə və praktiki bacarıqlara yiyələnməsi, beynəlxalq təcrübənin öyrənilməsi, sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi istiqamətində Mərkəzin gördüyü işlər barədə məlumat verib.

Tədbirdə həmçinin, İqtisadi İnkişaf Nazirliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət portalı barədə sahibkarlara ətraflı məlumat verilmiş, onlara Bakı Biznes Tədris Mərkəzinin hazırladığı "Sahibkarlar üçün: sığorta haqqında zəruri biliklər" məlumat kitabçası və digər metodiki vəsaitlər paylanmış, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə