İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafına dövlət dəstəyi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini oktyabrın 8-də Qazax rayonunda keçirib.
SİA-nın məlumatına görə, tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 250-yə yaxın sahibkar iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit almış "Meqas" MMC-nin Şəmkir rayonunda 1000 ton olan soyuducu anbarının, "AzAqro" MMC-nin illik istehsal gücü 2 min ton olan istixana kompleksinin fəaliyyətinə və "Premyer" MMC-nin Tovuz rayonunda inşa etdirdiyi tutumu 1,5 min ton olan soyuducu anbar kompleksində aparılan tikinti işlərinə baxış keçiriblər.
Sonra "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri öz işinə başlayıb.
Tədbiri Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev açıb. İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin sektor müdiri Rauf Əliyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Azərbaycan Respublikası Prezidentinin düşünülmüş, çevik iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunduğunu qeyd etmiş, sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulayıblar.
İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin şöbə müdiri Vidadi Baxışov sahibkarlığın inkişafına dövlət dəstəyinin vacib komponentlərindən biri kimi maarifləndirmənin əhəmiyyətini vurğulamış, sahibkarlara və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərə zəruri nəzəri biliklərin, praktiki bacarıqların, beynəlxalq təcrübənin aşılanması, onlara tədris-metodiki, innova¬siya və konsaltinq xidmətlərinin göstərilməsi sahəsində Bakı Biznes Tədris Mərkəzinin həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə məlumat verib.
Tədbir çərçivəsində sahibkarlar üçün treninq keçirilib. Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Qazax və ətraf rayonlarda fəaliyyət göstərən 42 sahibkarlıq subyektinə 542 min manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 70-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərini digər rayonlarda da davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB