Dünyada yeni müharibə siqnalları eşidilməyə başlayıb. Ancaq bu müharibə digərlərindən olduqca fərqlidir. Cəbhə qlobal iqtisadiyyat, silahlar isə top ya tüfəng deyil, pullardır. Cəbhənin bir tərəfində qlobal iqtisadiyyatda səsini yüksəltməyə başlayan inkişaf etməkdə olan ölkələr, digər tərəfində isə inkişaf etmiş iqtisadiyyata malik ölkələr dayanır. Müharibənin səbəbi isə inkişaf etməkdə olan ölkələrin ixrac etdiyi mallarda qiymət üstünlüyü əldə etmək üçün pul vahidlərinin güclənməsinə icazə verməməsidir. Bu vəziyyət iqtisadiyyatlarını canlandırmağa çalışan ABŞ və avro bölgəsi ölkələrində ciddi narahatlıq yaradır. Müharibənin əsas tərəfi isə Braziliyadır. Ölkənin maliyyə naziri Guido Manteqanın dünyada "pul müharibəsi"nin meydana gələcəyi ilə bağlı xəbərdarlığı uzun müddətdir ki, var olan, ancaq adı qoyulmayan bir gərginliyin yeni forma almasına imkan yaradır.
Bu gərginliyin mənbəyi xeyli əvvələ söykənir. Rəsmi Pekin illərdir ki, milli pulu olan juanı dollar qarşısında sabit saxlayır. ABŞ və Çin arasında uzun illərdir yaşanan juan gərginliyi xüsusilə son bir ildir əməlli-başlı alovlanıb. ABŞ juanın dollar qarşısında daha çox dəyər qazanmasını istədiyi halda Çin juanın dəyər qazanmasının ixracata sarsıdıcı zərbə vuracağını iddia edərək buna icazə vermir. Mövzu artıq iqtisadiyyatdan kənara çıxaraq diplomatiya miqyasına gətirilmiş vəziyyətdədir. Yaponiya da qısa bir müddət əvvəl bu müzakirələrə daxil olub. Ölkə pul vahidi iyenin dollar qarşısında yüksəlməsindən altı il sonra ilk dəfə olaraq bazarlara birbaşa müdaxilə etməyə başlayıb. Cənubi Koreya pul vahidi vonun dollar qarşısında son beş ayın zirvəsinə qalxdıqdan sonra ölkəyə daxil olan valyuta axınına da nəzarəti möhkəmləndirib. Deyilənlərə görə, Koreyanın Mərkəzi Bankı Asiyadakı əməliyyatlarda von satışını reallaşdırır.
Yeni müharibənin xəbərdarlığını edən Braziliya isə pul vahidi realdakı dəyər artımının qarşısını almaq üçün xarici investorlardan aldığı vergiləri iki dəfə artırıb. Yuxarıda yalnız bir hissəsinin adını çəkdiyimiz bu addımlar başda ABŞ olmaqla inkişaf etmiş ölkələrdə ciddi narahatlıq yaradır. Vaşinqton başda Çin olmaqla inkişaf etməkdə olan ölkələrin pul vahidlərini aşağı salması problemini noyabr ayında Cənubi Koreyada keçiriləcək "G-20" toplantısında gündəmə gətirməyi planlaşdırır. ABŞ-ın bu məsələdəki ən böyük dəstəkçisi də avro bölgəsidir. Bu məsələdə uzun müddətdir ki, səssiz qalan avro bölgəsindən də bu həftə içində əhəmiyyətli bir xəbərdarlıq səslənib. Avro bölgəsinin maliyyə nazirləri şurasının başçısı Jean-Klaude Junker Çin ilə aparılacaq bu müharibənin dağıdıcı təsirlərinin ola biləcəyini söyləyib.
Yaşanan bu gərginlik və döyüş siqnallarını məsələnin daha çox xaricində qalan, ancaq qlobal iqtisadiyyata istiqamət verənləri də narahat edir. Beynəlxalq Valyuta Fondu başçısı Dominik Stross – Kan ölkələrin öz iqtisadiyyatlardakı problemləri həll etməsinin qlobal pul müharibəsi təhlükəsini yaratdığını xəbərdarlıq edib. Dünya banklarını öz damı altında yığan Beynəlxalq Maliyyə Təşkilatı da qlobal iqtisadiyyatının lider ölkələrini bu məsələdə yeni bir razılaşma əldə etməyə çağırıb. Atılan addımlara baxmayaraq, inkişaf etməkdə olan bazarlara pul axınının davam etməsi və pul vahidlərinin dəyərinin sürətlə qalxması vəziyyəti daha da gərginləşdirə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB