Saxta adlarla satılan naqillərin yeri məlum olub

Saxta adlarla satılan naqillərin yeri məlum olub
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, İ.Məmmədov küçəsi, 89A ünvanında Vasif Səfərova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisədə istehsal edilən naqillərin Rusiya istehsalı olan "Moskabelmet" və Türkiyə istehsalı "Demirer Kablo" və "V:KO" adları altında markalanaraq satışa çıxarıldığı müəyyən edilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yoxlama zamanı həmçinin, hazır məhsulların etiketlərində naqillərin uzunluğunun 100 metr olduğu göstərildiyi halda, faktiki olaraq 82-85 metr olduğu aşkar olunub.

Bundan başqa, müəssisənin anbarında naqillərin Türkiyə istehsalı olan "Siemens", "Demirer kablo", "V:KO", "Nexans" və Rusiyada istehsal edilən "Moskabelmet", "Sevkabel Xoldinq", "Saranskabel" adları altında saxta markalanması üçün istifadə edilən 76,8 min ədəd etiketin olduğu müəyyən edilib.

Bununla əlaqədar olaraq, müəssisənin anbarında Rusiyada və Türkiyədə istehsal olunmuş mal kimi markalanan saxta 55,6 min metr, normativ sənədlərin tələblərinə uyğun markalanmayan 62 min metr naqil və onun markalanması zamanı istifadə edilən saxta etiketlər Dövlət Xidməti tərəfindən məsul saxlanmaya götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə