"Ölkədə aparılan iqtisadi islahatlar beynəlxalq reytinqlərdə də özünü göstərir" MÖVQE
"Ölkədə aparılan iqtisadi islahatlar beynəlxalq reytinqlərdə də özünü göstərir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov Dünya Bankı "Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar" hesabatını şərh edərkən deyib.
Deputatın sözlərinə görə, bu cür nüfuzlu qurumların hesabatları xarici investisiyaların cəlb edilməsi üçün mühüm əhəmiyyət kəsb edir: "Belə hesabatlar və reytinq siyahıları hazırlanarkən bir çox iqtisadi təhlillər əsas götürülür və investorların seçimində mühüm əhəmiyyət kəsb edir.
Xüsusi ilə də Hesabatda minoritar investorların müdafiəsi sahəsində aparılan islahatlar və ölkənin 10 cu yerdə qərarlaşması investorların diqqətini cəlb edən detallardır. Digər tərəfdən ən mühüm parametrlərdən biri də Biznesə başlamaq üçün 4,5 günün tələb olunması bir çox inkişaf edən ölkə üçün də örnək hesab edilə bilər".
A.Hüseynov söyləyib ki, Azərbaycanın reytinq siyahısında 8 pillə irəliləməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan yeni iqtisadi siyasətin özünü doğrultduğunu göstərir: "Hesab edirəm ki, bu, islahatların hələ ilkin mərhələdəki nəticələridir. Azərbaycan beynəlxalq nüfuzunu növbəti illərdə daha da artıracaq və reytinq siyahılarındakı mövqeyini bundan da yüksək pillələrə qalxacaq.Bu uğurun bəhrəsini ölkəmiz investisiya axını ilə görəcək".
Məlumat üçün nəzərinizə çatdıraq ki, Dünya Bankı "Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar" hesabatını açıqlayıb. Azərbaycan reytinqdə 57-ci yerdə qərarlaşıb. Ötən il Azərbaycan 65-ci yerdə idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB