Parlament "AÇG" üzrə yeni sazişi təsdiq edib

Parlament "AÇG" üzrə yeni sazişi təsdiq edib

Bu gün Milli Məclisin Plenar iclasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub. SİA-nın xəbərinə görə, saziş haqqında məlumat verən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib ki, sazişinin əsas mətni bu gün qüvvədə olan mətndən o qədər də fərqlənnmir.

Komitə sədri qeyd edib ki, bəzi məqamlar burda yenilənmiş formada verilib: "Əvvəlki saziş icra olunduğu 1995-2017-ci illər ərzində layihə üzrə ümumi xərclərin həmi 43.5 milyard dollar olub. Burada əsas kapital qoyuluşu 35 milyard dollara yaxın olub. Layihənin icrası müddətində Azərbaycanın payına 130 milyard dollara yaxın mənfəətt nefti şəklində gəlir düşüb”.

V.Ələsgərov bildirib ki, hazırki sazişin bitməsinə 7 il müddət qalıb: “Lakin bu müddətdə podratçı tərəflərdən böyük sərmayələrin qoyulmasını tələb etmək mümkün olmaz. Çünki 7 ilə bu vəsaiti qaytarmaq mümkün olmayacaq. Əgər 2019-cu ildə layihənin maliyyələşməsi haqqında qərar verilsə, layihə çərçivəsində ilk neft 2023-cü ilin ortalarında çıxa bilər. Buna görə də həm Azərbaycan, həm də xarici podratçılar layihənin davam etidirilməsinə razılıq veriblər. Yeni saziş 14 sentyabr 2017-ci ildə Bakıda Azərbaycan prezidentinin iştirakı ilə imzalanıb. Tərəflər arasında pay ölgüsü dəyişib. Dövlət Neft Şirkətinin payı 25 faizi qədər qalxıb. Xarici şirkətlərin hamısının birgə hissəsi 75 faiz qalıb. Bu da o deməkdir ki, Azərbaycanın pay hissəsi iki dəfə artıb”.

V. Ələsgərov söyləyib ki, sazişin icrasına dair şərtlər olduğu kimi qalır: “Yenilənmiş sazişin qüvvəyə mindiyi gündən 31 dekabr 2049-ci ilədək davam etdirilməsi nəzərdə tutulub. Yeni saziş tam fərqli şəraitdə imzalanıb. 1994-cü ildə mövcud olan risklərin əksəriyyəti indi Azərbaycanda yoxdur. Bunları nəzərə alaraq Azərbaycan tərəfinin qarşıya qoyduğu bonus ödənişlərinin miqdarı təyin edilib. Belə ki, illik 8 bərabər hissələrlə, yəni hər il 450 mln. dollar bonus ödəniləcək. Əməliyyat şirkəti və işçi heyəti bundan öncəki sazişdə olduğu kimi qalır. Əvvəlki sazişdə olduğu kimi, burada işçilərin 90 faizi, fəhlə heyətinin də 95 faizi Azərbaycan vətəndaşları olmalıdır. Əgər sərbəst təbii qaz yataqlarının mövcudluğu aşkar olunsa, bunun işlənməsi ilə bağlı müstəsna hüquq Azərbaycan Dövlət Neft Şirkətində qalır. Bundan əlavə, ətraf mühitin qorunması,işlərin təhlükəsizliyi, digər məsələlər sazişin 26 maddəsinin 6-cı əlavəsində öz əksini tapıb”.

Layihənin müzakirəsi zamanı çıxış edən deputatlar sazişin müddətinin uzadılmasının ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini dilə gətiriblər.

Layihı müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə