Eldar İbrahimov: “Ümid edirəm ki, Qarsdan Naxçıvana da dəmir yolu xətti çəkiləcək”

Eldar İbrahimov: “Ümid edirəm ki, Qarsdan Naxçıvana da dəmir yolu xətti çəkiləcək”

“Həm Azərbaycanın, həm yerləşdiyimiz regionun, həm də belə demək mümkünsə, dünyanın iqtisadi-siyasi həyatında çox mühüm, çox əlamətdar və çox sevindirici hadisə baş verdi. Azərbaycan Prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətlərinin iştirakı ilə Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin rəsmi açılış mərasimi oldu. Bu, unudulmaz, yaddaşlarda əbədi həkk olunacaq bir tarixi hadisədir. Yəni, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri nə qədər əhəmiyyətlidirsə, Bakı-Tbilisi-Qars da bir o qədər tarixi əhəmiyyətə malikdir”. Bunu SİA-ya verdiyi açıqlamada Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov deyib.

Millət vəkili qeyd edib ki, Prezidentin də bəyan etdiyi kimi, Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir, o, ölkələri bir-birinə daha yaxın edəcək: “Ümid edirəm ki, Bakı-Tbilisi-Qars layihənin davamı olaraq Türkiyədən Naxçıvana da dəmir yolu xətti çəkiləcək. Bununla da Naxçıvan Muxtar Respublikası nəqliyyat blokadasından qurtulmuş olacaq. İşğalçı Ermənistan isə regional layihələrdən kənarda qalacaq, iqtisadi tənəzzülü bir az da dərinləşəcək".

O, bildirib ki, açılışı çoxdan bəri səbirsizliklə gözlənilən və artıq reallaşan Bakı-Tbilisi-Qars dəmiryolu xətti həm iqtisadi, həm də siyasi baxımdan çox əhəmiyyətli bir layihədir: “Bakı-Tbilisi-Qars dəmiryolu xətti həmçinin, beynəlxalq əhəmiyyətli bir layihədir. Bu layihənin siyasi və beynəlxalq əhəmiyyəti iqtisadi əhəmiyyətindən daha böyükdür. İqtisadi baxımdan başqa sahələrdən də gəlir əldə etmək olur. Amma siyasi və beynəlxalq baxımdan bu layihə çox mühüm bir addımdır. Bunun əhəmiyyətini sözlə ifadə etmək də çətindir”.

Komitə sədrinin sözlərinə görə, Bakı-Tbilisi dəmiryolu xətti layihəsinin müəllifi ümummilli lider, mərhum dövlət başçısı Heydər Əliyevdir: “İstər Bakı-Tbilisi-Ceyhan layihəsi, istər Cənub Qaz Dəhlizi, istərsə də digər layihələrin müəllifi ümummilli lider Heydər Əliyevdir, Onun uzaqgörən, müdrik, uzağa hesablanmış siyasəti nəticəsində bu addımlar atılıb və Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti nəticəsində bu layihələr reallaşıb. Bu iki müdrik və uzaqgörən şəxs olmasaydı, bu layihələrin icrasından söhbət belə gedə bilməzdi. Biz ümumiyyətlə, çox xoşbəxt xalqıq ki, məhz belə müdrik, dünyanın hesablaşdığı liderlərimiz, siyasət və dövlət öndərlərimiz var. Allah Heydər Əliyevin ruhunu şad, məkanını cənnətlik, cənab Prezident İlham Əliyevə də Azərbaycan naminə yorulmaz fəaliyyətində növbəti uğurlar, zəfərlər nəsib etsin”.

E.İbrahimovun qeyd etdiyinə görə, Bakı-Tblisi-Qars layihəsi eyni zamanda, region ölkələrinin birliyi, təhlükəsizliyi və əməkdaşlığına xidmət edən mühüm bir addımdır: “Hesab edirəm ki, keçmiş sovet məkanından da bu layihələrə qoşulanlar olacaq. Bu dəmir yolunun iqtisadi əhəmiyyəti də olduqca böyükdür. Həm yük, həm də sərnişin daşımaları ilə bağlı ölkəmiz, həm də bu layihənin iştirakçısı olan ölkələr böyük gəlir əldə edəcək. Bu layihə həmçinin turizm potensialının genişlənməsinə, Azərbaycanın turizm məkanına çevrilməsinə xidmət edəcək. Cənab Prezidentin də açılış mərasimində vurğuladığı kimi, bu yolun istifadəsi zamanı turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə