İlham Əliyev: "Bakı-Tbilisi-Qars dəmir yolu tək ölkələri deyil, qitələri birləşdirəcək. Azərbaycanın irəli sürdüyü layihələrin heç biri uğursuz olmayıb"
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin oktyabrın 30-da istifadəyə verilməsi tarixi əhəmiyyətli günlərdəndir. Tikintisinə 2007-ci ildə başlanılmış və "Dəmir İpək Yolu" adlandırılan Bakı-Tbilisi-Qars Dəmir Yolu Xəttinin əhəmiyyətindən danışan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu, Avropa ilə Asiya arasında ən qısa yol olacaq: "Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına böyük sərmayələr qoyur. Bu nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaq. "Bakı-Tbilisi-Qars dəmir yolu tək ölkələri deyil, qitələri birləşdirəcək. Azərbaycanın irəli sürdüyü layihələrin heç biri uğursuz olmayıb. Bu, tərəfdaşlıq, biznes dəhlizidir. Nəticədə, Azərbaycanda və qonşu ölkələrdə minlərlə yeni iş yeri açılır".
BTQ-nin keçdiyi tarixi yol
Qeyd edək ki, BTQ dəmir yolu xətti layihəsinin reallaşdırılması ilə bağlı ilk danışıqlar 1993-cü il iyulun 26-29-da Ankarada keçirilən Türkiyə-Gürcüstan Qarışıq Nəqliyyat Komissiyasının iclasında baş tutub. 2002-ci il iyulun 20-21-də isə İstanbulda iki ölkənin nəqliyyat nazirləri bununla bağlı protokol imzalayıb. 2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfər edən Azərbaycan Prezidenti İlham Əliyev gürcü həmkarı Mixeil Saakaşvili ilə keçirdiyi mətbuat konfransında sözügedən layihəni dəstəklədiyini və Azərbaycanın da bu layihədə iştirak etməyə hazır olduğunu bildirib. 2005-ci il mayın 25-də isə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin Azərbaycan hissəsinin açılışında Prezident İlham Əliyev, Mixeil Saakaşvili və Türkiyənin o vaxtkı prezidenti Əhməd Necdət Sezər BTQ dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzalayıb. Nəhayət, 2007-ci il fevralın 7-də Azərbaycanın dövlət başçılarının
Gürcüstana işgüzar səfəri zamanı BTQ Dəmir Yolu Xəttinin tikintisinin başlanması ilə bağlı saziş imzalanıb. Bütün bunların davamı kimi, həmin il fevralın 21-də Azərbacan rəhbəri İlham Əliyev yeni dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb. Noyabrın 21-də Gürcüstanın Marabda stansiyasında dəmir yolunun Gürcüstan hissəsinin, 2008-ci il iyulun 24-də isə Türkiyənin Qars şəhərində dəmir yolunun Türkiyə hissəsinin tikintisinə start verilib.
Azərbaycan layihənin Gürcüstan ərazisindən keçən hissəsinin də tikintisinin maliyyələşdirilməsinə 25 illik müddətə 220 mln. ABŞ dolları kredit verib
Azərbaycan layihənin Gürcüstan ərazisindən keçən hissəsinin də tikintisinin maliyyələşdirilməsini öz üzərinə götürərək, bu məqsədlə qonşu ölkəyə illik 1%-lə, 25 il müddətə 220 mln. ABŞ dolları məbləğində kredit verilib. Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, BTQ Dəmir Yolu Xəttinin ümumi uzunluğu təxminən 840 km-dir. Bunun 500 km-i Azərbaycan, 260 km-i Gürcüstan, 80 km-i isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan-Türkiyə sərhədindəki hissəsində uzunluğu 5 km-ə yaxın olan tunel tikilib. Marşrutla ilk illərdə 5-7 mln. ton yük daşınacağı, tədricən bu rəqəmin 50 mln. tona çatdırılacağı proqnozlaşdırılır. Azərbaycanın tranzitdən ildə 50 mln. dollar məbləğində gəlir əldə edəcəyi bildirilir. Sərnişin daşımalarına gəlincə isə, ilk illərdə dəmir yolu xəttində ildə 1 mln. insanın yararlanacağı deyilir. Yeri gəlmişlən, BTQ marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan İsveçrənin "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla, dörd kateqoriyada istehsal olunur.
Həm iqtisadi, həm də siyasi cəhətdən əhəmiyyət kəsb edən layihə
Qərb politoloqlarının fikrinə görə, hansısa ölkənin dünya miqyasında daha çox tanınması üçün üç mühüm amil zəmin yaradır: ölkənin ya təbii sərvətləri, ya görkəmli şəxsiyyətləri, ya da dünya əhəmiyyətli tranzit yollarla bağlılığı olmalıdır. Bu gün Tanrı Azərbaycana həmin amillərin üçünü də bəxş edibdir. Təbii sərvətlərimiz də var, həmin sərvətlərdən xalqın mənafeyi naminə
istifadə etməyi bacaran Ümümmilli Liderimiz Heydər Əliyev və bu siyasətin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev. Bu gün Azərbaycanda dövlət siyasəti ölkə Prezidentinin uğurlu proqmatik siyasəti ilə elə şəkildə tənzimlənib ki, buradakı iqtisadi layihələrin böyük əksəriyyəti ölkəmizin dövlət müstəqilliyinin əbədiləşdirilməsinə, beynəlxalq aləmdəki nüfuzumuzun artmasına, xalqımızın yeganə problemi olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə zəmin yaradılmasına xidmət edir. Məsələyə bu prizmadan yanaşanda Bakı-Tbilisi-Qars Dəmir Yolu Layihəsinin daha çox siyasi əhəmiyyət kəsb etdiyinin şahidi oluruq. Hətta bəzi əcnəbi ekspertlərin fikrincə, bu layihə Avropa üçün iqtisadi səmərədən daha çox siyasi önəm kəsb edir.
Vikipediyalara "Dəmir İpək Yolu" və "Dünyanın 100 önəmli layihəsindən biri" kimi düşmüş, uzunluğu 840 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin nəzərdə tutulan vaxtda istifadəyə verilməsi üçün Azərbaycan - Gürcüstan-Türkiyə arasında aparılan danışıqlarda qədim "Qədim İpək Yolu"nun təşəbbüskarı kimi Azərbaycanın əhəmiyyətli rolu daim qiymətləndirilir. Əvvəllər "Transsibir" magistralı ilə daşınan yükləri Gürcüstandan keçərək, İstanbula çatdıracaq, oradan isə Avropaya istiqamətlənəcək bu layihə əsas tranzit mərkəzinə çevrilməklə iqtisadi səmərəlilik baxımından da böyük əhəmiyyətə malikdir.
Asiyanı Avropa ilə birləşdirəcək bu yolun bizim üçün çoxsaylı əhəmiyyətlərindən biri də "Made in Azerbaijan" brendini dünyada tanıtdırmaq üçün yerli məhsulların dünya bazarlarına çıxarılmasında oynayacağı roldur. Bu yol ölkəmizin qeyri-neft məhsullarının, dünya bazarlarına çıxarılan keyfiyyətli ərzaqların ixracını da sürətləndirəcək. Ən əsası isə yüklərin mənzilbaşına yaxın yolla və qısa müddətdə çatdırılması təmin olunacaq. Belə ki, indi 30-40 günə ünvanına çatdırılan yüklər BTQ istifadəyə verildikdən sonra cəmi 7 günə mənzil başına çatdırılacaq.
Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür
Dövlət başçımızın dediyi kimi, Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür. Ölkəmiz indi öz nəqliyyat infrastrukturunu möhkəmləndirir. Müxtəlif şəhərlərdə yeni hava limanları tikilir və magistral yollar salınır. Azərbaycanın dəniz nəqliyyatına, dəmir yoluna böyük investisiyalar qoyulur. Bir sözlə, nəqliyyat sektoru gələcəkdə çox mühüm rol oynayacaqdır. Ona
görə də, Prezident İlham Əliyev hələ 11 il əvvəl, Dünya Azərbaycanlılarının II Qurultayındakı nitqində demişdi: "Türkiyəni Azərbaycanla dəmir yolu ilə birləşdirmək, Qars-Axalkalaki-Tbilisi-Bakı Dəmir Yolunu işə salmaq indi bizim əsas vəzifələrimizdən biridir və buna nail olacağıq. Belə olan halda, həm Azərbaycanla Türkiyə dəmir yolu ilə birləşir, bütün yükdaşımalar bu marşrutla aparılacaqdır. Eyni zamanda, bu da aydındır ki, bizim torpaqlarımızı zəbt edən, bizə qarşı təcavüz edən işğalçı dövlət - Ermənistan bütün bu layihələrdən kənarda qalacaqdır".
Prezident İlham Əliyev sonrakı illərdə də BTQ Dəmir Yolu Layihəsinin zəruriliyindən danışaraq demişdir ki, bu yol , bizi daha sıx birləşdirəcək, regional əməkdaşlığı daha da genişləndirəcəkdir. Bu layihənin həyata keçirilməsi həm də regiona sabitlik, sülh gətirəcək və ümumiyyətlə ölkələrimizin və xalqlarımızın iqtisadi maraqlarına cavab verir.
İqtisadçı-ekspert Vüqar Bayramov Bakı-Tbilisi-Qars Dəmiryolu Layihəsinin iştirakçı dövlətlərin hər biri üçün iqtisadi əhəmiyyətinin yüksək olduğunu vurğulayıb: "BTQ region üçün vacib layihələrdən biridir. Nəzərə alsaq ki, bu layihə Orta Asiyanın Türkiyə vasitəsilə Avropa ilə birləşdirilməsinə şərait yaradacaq. Həmçinin, BTQ Azərbaycan üçün yükdaşımalardan əldə edilən gəlirin artması baxımından çox vacib bir məsələdir. Azərbaycan beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə edəcək. O baxımdan, BTQ Azərbaycan üçün iqtisadi baxımdan vacib bir layihədir. Siyasi və geostrateji əhəmiyyətindən başqa, ölkəmizin dövlət gəlirlərinin artırılması baxımından müsbət təsirləri var. Azərbaycan və Türkiyə texniki baxımdan birbaşa bu layihədə iştirak edir. Qazaxıstan Xəzər dənizi vasitəsilə layihədən faydalanma imkanları qazanıb. Bu layihə ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsi baxımından çox vacibdir". V.Bayramovun sözlərinə görə, BTQ imkan verəcək ki, Orta Asiyadakı türkdilli dövlətlərin texniki baxımdan birləşməsi baş tutsun: "O baxımdan, region üçün əhəmiyyətli bir layihə hesab etmək olar. BTQ Ermənistandan kənar keçdiyi üçün layihənin reallaşmasına kifayət qədər təzyiqlər var idi. Ancaq artıq layihə reallaşıb, yaxın günlərdə açılışı olacaq. Güman edirəm ki, tərəflər və Azərbaycan layihənin reallaşmasından gəlir əldə edəcəklər. Bu layihə Azərbaycanın qeyri-neft məhsullarını xaricə ixrac etmək baxımından da əhəmiyyətlidir. Azərbaycan burada yalnız tranzit ölkə olaraq iştirak etməyəcək, bu dəmiryolundan istifadə edərək, öz məhsullarını xarici ölkələrə çıxaracaq. Bu baxımdan, BTQ həm də ölkəmizin qeyri-neft sektorunun inkişafına zəmin yaradacaq".
Millət vəkili Vahid Əhmədov layihənin siyasi və iqtisadi əhəmiyyətindən danışıb: "Bu dəmir yolu istər siyasi, istərsə də iqtisadi cəhətdən müstəqil dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edir. Necə ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum Qaz Kəməri çəkilməsi ilə bütün dövlətlərin marağı Azərbaycanda oldu, bu dəmir yolu da faktiki eyni mövqedədir, o səviyyədə olan layihədir. Bildiyiniz kimi, bu layihənin həyata keçirilməsi Prezident İlham Əliyevin şəxsi mövqeyi olub. Çünki bu layihənin həyata keçirilməsinə mane olanlar çox idi. Yadınızdadırsa, ABŞ Konqresində də bunun əleyhinə çıxış edənlər var idi. Buna baxmayaraq, Cənab Prezident bu layihəni başa çatdırdı. Çox yaxşıdır ki, açılış da Azərbaycanda keçirilir". Millət vəkili qeyd edib ki, layihənin iqtisadi əhəmiyyəti çox böyükdür: "Çünki bu layihə iqtisadi cəhətdən Avropa ilə Asiyanı birləşdirir. Asiyada olan bütün dövlətlər, o cümlədən, Asiya, Avropada olmayan dövlətlər özləri də bu layihəyə çox meyillidilər ki, həmin dəmir yolu vasitəsilə yükləri Avropaya çıxarsınlar. Hətta Türkmənistan, Ukrayna, Qazaxıstan və digər dövlətlər də bununla maraqlanırlar. Bu layihənin əsas maliyyə vəsaitini Azərbaycan qoyub ki, layihə başa çatdırılsın və həyata keçirilməyində problem olmasın".
V.Əhmədov layihənin siyasi üstünlüyünü də qeyd edib: "Belə böyük layihələrin həyata keçirilməsi, Azərbaycana əlavə vəsaitin daxil olması üçün şərait yaratmaqdan başqa, həm də müstəqilliyimizin qorunub-saxlanmağına bir qarantdır. Məsələn, 1994-cü ildə Heydər Əliyev "Əsrin Müqaviləsi"ni imzaladı, 2013-cü ildə TANAP və TAP layihəsi Prezident İlham Əliyev tərəfindən imzalandı. Əslində, bunun da üzərində böyük etirazlar var idi, müəyyən qədər Azərbaycana iradlar, təhdidlər böyük idi. Amma iri dövlətlərin Azərbaycanda marağı çox böyükdür, iri şirkətlər Azərbaycana investisiya qoyurlar. Bu səbəbdən də, layihənin həm siyasi, həm də iqtisadi üstünlüyü böyükdür".
Bir sözlə, Bakı-Tbilisi-Qars Dəmir Yolu Layihəsi həm iqtisadi, həm də böyük siyasi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, bu layihələrin rellaşması nəticəsində yüklərin Çin, Hindistan, Fars körfəzindən, Pakistan, İran Azərbaycan, Gürcüstan üzərindən keçməklə, şimalda Rusiya və oradan Avropaya, qərb istiqamətində isə Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınmasına imkanlar yaradacaq.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB