“Bakı Tikiş Evi”nin istehsal etdiyi məktəbli geyimləri sertifikatlaşdırılıb
Bakı şəhərində kütləvi olaraq məktəbli geyimləri istehsalı ilə məşğul olan "Bakı Tikiş Evi" ASC öz məhsullarını Milli Sertifikatlaşdırma Sistemində sertifikatlaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edib. Müraciət əsasında müəssisədə istehsal olunan məktəbli paltarlarından (oğlanlar üçün göy rəngli parçadan gödəkcə və şalvar, qızlar üçün göy rəngli parçadan pencək və damalı parçadan yubka) və məktəbli paltarları üçün astarlıq parçadan nümunə götürülərək komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) yüngül sənaye məhsullarının sınaq laboratoriyasına təqdim edilib.
Komitədən SİA-ya verilən məlumata görə, sınaqlar cari ilin 22-30 sentyabr tarixlərində həyata keçiriliv. Sınaqlar nəticəsində nümunələrin yoxlanılmış göstəricilərinə görə ГОСТ 25295-2003 standartının tələblərinə cavab verdiyi müəyyən olunub. Sınaq protokolları əsasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Sınaq və Sertifikatlaşdırma İdarəsi "Bakı Tikiş Evi" ASC-nin istehsal etdiyi "məktəbli oğlanlar üçün kostyum (gödəkcə və şalvar)" və "məktəbli qızlar üçün kostyum (pencək və yubka)" məhsullarına uyğunluq sertifikatlarının verilməsi barədə qərar qəbul edib. Müəssisə 1 Oktyabr 2010-cu il tarixindən uyğunluq sertifikatları ilə təmin edilib.
Bundan başqa "Bakı Tikiş Evi" ASC tərəfindən "BTE" loqotipinin əmtəə nişanı kimi qeydiyyatı ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə iddia ərizəsi daxil olub.
Hazırda qeydiyyatla bağlı məsələlər ekspertiza mərhələsindədir. Ekspertizanın rəyi yaxın günlərdə məlum olacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB