Tvinninq layihələrinin icrası uğurla başa çatır

Bu gün Bakıda "Vergilər Nazirliyinə resurslardan optimal istifadə olunması və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində dəstək” adlı tvinninq layihəsinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə vergilər nazirinin müşaviri, benefisiar ölkə üzrə layihə rəhbəri Elçin Məmmədov bu layihənin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Avropa İttifaqının yerli nümayəndəliyinə minnətdarlığını bildirib.

E.Məmmədovun sözlərinə görə, Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir və daim bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübəni öyrənərək ölkənin vergi sistemində tətbiqinə çalışır: "Vergi sahəsində aparılan islahatlar əlverişli sahibkarlıq və investisiya mühitinin yaradılması, vergitutmanın optimallaşdırılması, vergi yükünün azaldılması, çevik vergi inzibatçılığının yaradılması, vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi və elektron xidmətlərin genişləndirilməsi kimi məqsədlərə xidmət edir. Əsas istiqamətlər sırasında vergi xidmətlərinin və könüllü vergi ödəmələrinin səviyyəsinin artırılması mühüm yer tutur. Vergi ödəyicilərinə göstərilən xidmətlərin ildən-ilə təkmilləşdirilməsi, bu sahədə İKT-nin ən son yeniliklərinin tətbiqi Vergilər Nazirliyinin fəaliyyətində prioritet istiqamətlər sırasındadır".

Sözügedən layihənin cari ilin mart ayından tvinninq yardım aləti vasitəsilə həyata keçirildiyini bildirən nazirin müşaviri, İspaniya və Fransa vergi administrasiyalarının layihə çərçivəsində partnyor ölkələr qismində çıxış etdiyini söyləyib.

Layihə ilə bağlı təqdimatda bildirilib ki, ümumi müddəti 27 ay, büdcəsi isə 1,3 mln. avro məbləğində müəyyən edilən layihə 4 əsas komponentdən ibarətdir. Bu komponentlərə vergi ödəyicilərinə xidmət prosesləri üzrə davamlı inkişaf proqramının yaradılması, xidmətlərə tələbatın müəyyənləşdirilməsi və idarə olunması, vergi ödəyicilərinə göstərilən xidmətlərin əsas fəaliyyət göstəricilərinin müəyyən edilməsi, mövcüd göstəricilərin təkmilləşdirilməsi və qabaqcıl metodologiyalara əsaslanaraq bütün xidmət kanalları üzrə səmərəliliyin artırılması üçün məlumatların təhlili mexanizmlərinin yaradılmasının daxil olduğunu vurğulayıb.

Layihə çərçivəsində artıq bir sıra seminarlar və təlimlər təşkil olunub. Bu təlimlər vergi sistemində xidmətlərin təkmilləşdirilməsinə, xidmət standartlarının qabaqcıl Avropa meyarlarına uyğunlaşdırılmasına, bütün kanallarda xidmətlərin təminatı və keyfiyyətinin yüksəldilməsinə təsir göstərəcək.

Layihə 5 əsas nəticənin əldə olunmasını qarşıya məqsəd qoyub. Birinci məqsəd vergi ödəyicilərinə göstərilən xidmətlərin təşkilinin optimallaşdırılması məqsədi ilə müasir tələblərə cavab verən metodoloji yanaşmanı və idarəetmə mexanizmlərini əhatə edən davamlı inkişaf proqramının hazırlanmasıdır. Qəbul ediləcək davamlı inkişaf proqramına uyğun pilot layihənin həyata keçirilməsi, resursların bölgüsünün optimallaşdırılması, xidmətlərin yüksək səviyyədə göstərilməsi və əməletmə xərclərinin azaldılması məqsədi ilə vergi ödəyicilərinə xidmət sahəsində tələbatın idarə olunması mexanizminin yaradılması, bütün xidmət kanallarının səmərəliliyinə nəzarət etməyə, onları təhlil edərək təkmilləşdirməyə və xidmət kanallarından istifadə səviyyəsini qiymətləndirməyə imkan verən əsas fəaliyyət göstəriciləri və hədəflərdən ibarət metodologiyanın işlənib hazırlanması növbəti məqsədlərə aiddir. Bununla yanaşı, göstərilmiş xidmətlərin vergi ödəyicilərinin könüllü əməletməsi səviyyəsinə təsirini təhlil etməyə və qiymətləndirməyə imkan verən mexanizmlərin və texniki tələblərin hazırlanması da nəzərdə tutulur.

Sonra Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Kestutis Jankauskas Vergilər Nazirliyi ilə Aİ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektiv planlar barədə çıxış edib. K.Jankauskas qeyd edib ki, Azərbaycanda onlarla tvinninq layihəsinin icrası uğurla başa çatıb, bəzi layihələr üzrə işlər isə davam etdirilir.

Tədbirdə Avropa İttifaqının və aidiyyəti ölkələrin səfirləri, Azərbaycanın İqtisadiyyat və Vergilər nazirlikləri, İspaniya Vergi Agentliyinin nümayəndələri, layihə rəhbərləri, ölkədə həyata keçirilən digər tvinninq layihələrinin rezident müşavirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə