Sahibkarlığa Kömək Milli Fondu güzəştli qaydada 4 layihə maliyyələşdirəcək
Bu gün İqtisadi İnkişaf Nazirliyində qurumun Sahibkarlığa Kömək Milli Fondunun maliyyələşdiriləcək investisiya layihələri ətrafında tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq fondun direktoru Şirzad Abdullayev iştirakçıları salamlayaraq bu layihələrin iqtisadi uğurların inkişafındakı rolundan bəhs edib və qeyd edib ki, təkliflərin qəbulu üçün müəyyənləşdirilmiş 20 sentyabr 2010-cu il tarixinədək sahibkarlıq subyektləri tərəfındən müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna 8 təklif daxil olub. Onun sözlərinə görə, təqdim olunmuş 8 investisiya layihəsinin ümumi dəyəri 9 milyon manat, kreditə olan tələbatı isə 5.2 milyon manat olaraq müəyyənləşdirilib. O həmçinin qeyd edib ki, sentyabrın 21-də təklif zərfləri sahibkarların, müvəkkil kredit təşkilatlarının iştirakı ilə açılıb və "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq təhlil edilib. Fond direktoru əlavə edib ki, oktyabrın 5-də isə güzəştli qaydada maliyyələşdiriləcək investisiya layihələri elan edilib.
Şirzad Abdullayev maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş 4 investisiya layihəsinin Quba-Xaçmaz iqtisadi rayonu üzrə 2, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 1, Aran iqtisadi rayonu üzrə 1 olacağını və bu layihələrin ümumi investisiya dəyərinin 4,9 milyon manat olacağını qeyd edib. O, "Ələddin Fermer" MMC, "ACRİM ASİA" MMC, "Dağ çiçəyi" müəssisəsi və "SAF" MMC-nin təqdim etdiyi bu layihələrin reallaşmasına 2,8 milyon manat güzəştli kreditin ayrılması nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, layihələrin həyata keçirilməsi nəticəsində 1000 ton quru meyvə, 1,2 min ton mürəbbə, 4 min ton cem və 2,4 min ton alma konsentratı istehsalı mümkün olacaq. Daha sonra tədbirdə, əhalini yüksək keyfıyyətli çörəklə təmin etmək məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu müasir standartlara cavab verən çörək istehsalı müəssisəsinin yaradılması və ya müasir texnologiyaların tətbiqi əsasında yenidən qurulması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi üçün sahibkarlıq subyektlərindən təkliflərin qəbulu elan edilib.
Qeyd edək ki, sahibkarlardan müvəkkil kredit təşkilatları vasitəsilə təkliflərin qəbulu 2010-cu ilin 8 noyabrında başa çatacaq. Təklif zərfləri 10 noyabr 2010-cu il tarixdə açılacaq və "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq qiymətləndiriləcək. Maliyyələşdirilməsi barədə qərar qəbul olunan investisiya layihələri 24 noyabr 2010-cu il tarixdə elan olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB