5-ci Azərbaycan Mikromaliyyə Konfransı öz işinə başlayıb-TƏDBİR

5-ci Azərbaycan Mikromaliyyə Konfransı öz işinə başlayıb-TƏDBİR

Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən təşkil olunan (AMA) "Məsuliyyətli Mikromaliyyə" adlı konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfransda giriş nitqi ilə çıxış edən Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva bildirib ki, konfransın məqsədi maliyyə xidmətlərinin şəffaf və ədalətli şəkildə çatdırılmasını təşviq etmək və mikromaliyyə institutları, banklar, kredit ittifaqları, donorlar və xidmət təminatçıları arasında əlaqənin yaradılması və məsuliyyətli mikromaliyyənin tətbiqi sahələri üzrə ən yaxşı təcrübə və yanaşmalar haqqında fikirləri bölüşməkdir.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin sədri Süleyman Kələşov isə çıxışında, aztəminatlı ailələrin sayının minimuma endirilməsi istiqamətinə müsbət nəticələrin əldə olunması üçün Azərbaycanda Mikromaliyyə sisteminin inkişafına ehtiyac olduğunu bildirib. Daha sonra çıxış edən, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bank olmayan kredit təşkilatlarının Azərbaycan iqtisadiyyatında tutduğu yeri və rolu barəsində danışıb.

Azərbaycan Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucov isə bank olmayan kredit təşkilatlarının sayının 18 olduğunu və onların aktivlərinin 176 milyon manat təşkil etdiyini vurğulayıb. O qeyd edib ki, bank olmayan kredit təşkilatlarının aktivləri bank sektoru ilə müqayisədə aşağıdır: "Bununda obyektiv səbəbləri var. Bildiyiniz kimi, hazırda fəaliyyət göstərən bank olmayan kredit təşkilatları daha çox humanitar təşkilatlardır. Amma bildiyiniz kimi, cari ilin fevralında bank olmayan kredit təşkilatları haqqında qanun qüvvəyə mindi. Bu sahəyə maraq var. Mərkəzi Banka müraciətlər də daxil olur. Eyni zamanda müraciət edən bank olmayan kredit təşkilatların büdcəsi humanitar tipli təşkilatlar üçün 30 min manat, kommersiya tipli bank olmayan kredit təşkilatlara isə minumum tələb 300 min manatdır. Hazırda rəsmi müraciətlər olmayıb. Qanun qüvvəyə mindikdən sonra hər hansı bir təşkilat Mərkəzi Banka müraciət etməyib".

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev isə çıxışında Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqları Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMA) üzv olması barəsində təklifi irəli sürüb. M.Musayevin sözlərinə görə, kredit ittifaqları AMA-ya üzv olarsa, rayon yerləri ilə yanaşı kənd yerləri üzrə kreditləşmənin coğrafiyası daha da genişlənər.

Daha sonra çıxış edən Norveç Krallığının Azərbaycandakı səfiri Erlinq Şonzberq, Amerika Birləşmiş Ştatlarının Azərbaycanda səfiri vəzifəsini müvəqqəti icra edən Adam Sterlinq mikromaliyyə və qanunvericilik, mobil bankçılıq və islam bankçılığı, sosial hesabatlıq və sosial reytinq, kənd təsərrüfatı üzrə mikro-sığorta: dünya təcrübəsi və perspektivlər, maliyyə savadlığı və müştəri mühafizəsi, məsuliyyətli mikromaliyyə, kredit bürolarının maliyyə bazarlarında rolu, mikromaliyyə maliyyələşdirilməsi və alətlər kimi mövzuları barəsində çıxış ediblər.

Bundan əlavə, konfransın birinci günündə xüsusi mükafatlandırma mərasimində AMA üzvü BOKT Vijn Fond AzərKredit MMC "İlin üzvü 2010" nominasiyası üzrə, BOKT İnkişaf üçün Maliyyə MMC-nin idarə heyətinin sədri cənab Cəlal Əliyev isə "İlin Peşəkarı 2010" nominasiyası üzrə mükafata layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə