Paytaxtda bir neçə çörəkbişirmə sexində nöqsanlar aşkar edilib

Paytaxtda bir neçə çörəkbişirmə sexində nöqsanlar aşkar edilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları ərzaq məhsullarının keyfiyyəti və təhlükəsizliyinin normativ sənədlərin tələblərinə uyğunluğunu araşdırmaq məqsədi ilə Bayıl qəsəbəsində yerləşən "İslam-S" MMC-də dövlət nəzarəti tədbirləri həyata keçiriblər.

Komitədən SİA-ya verilən məlumata görə, istehsal olunan çörək məhsullarının uyğunluq sertifikatları olmadan buraxıldığı, müəssisənin normativ və texnoloji sənədlərlə təmin edilmədiyi aşkar olunub. Bundan başqa, müəssisədə istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçirilməyib.

Aşkar olunmuş nöqsanlarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228.0.4-cü və 228.0.12-ci maddələrinə əsasən inzibati protokol tərtib edilmiş, nöqsanların aradan qaldırılması barədə müəssisəyə göstəriş verilib.

Nərimanov rayonunda çörək istehsalı ilə məşğul olan "Səma" fərdi firmasında da dövlət nəzarəti həyata keçirilib. Müəssisəyə baxış zamanı hazır məhsuldan nümunə seçilərək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlə Komitəsinin Təcrübə-Sınaq Mərkəzinə təqdim edilib. Aparılmış ilkin sınaqlar göstərib ki, "əla növ buğda unundan bişirilmiş" çörək fiziki-kimyəvi göstəricilərinə (yumşaq hissəsinin nəmliyi) görə ГОСТ 27842-88 tələblərinə (b.1.2.3.) cavab vermir. Təkrar analiz üçün yenidən müəssisədən ikiqat nümunə götürülərək laboratoriyaya təqdim edilib. Təkrar aparılan sınaqların nəticələri də çörəyin nəmliyinin normativ sənədlərin tələblərinə uyğun gəlmədiyini göstərib. Aşkar olunmuş nöqsanlarla bağlı məhsul istehsalının və satışının dayandırılması barədə qərar qəbul edilib.

Nərimanov rayonunda yerləşən digər müəssisədə - 18 saylı çörəkbişirmə müəssisəsində keçirilmiş monitorinq zamanı sınaq üçün götürülmüş hazır məhsulların keyfiyyəti də normativ sənədin tələbinə uyğun gəlməyib. Belə ki, Təcrübə-Sınaq Mərkəzində aparılmış sınaqlar zamanı müəyyən olunub ki, çörəyin nəmliyi ГОСТ 27842-88 tələblərinə uyğun deyildir. Müəssisədə istehsal olunan məhsulun istehsalının və satışının dayandırılması barədə qərar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə