Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirlərini davam etdirir

Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirlərini davam etdirir

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyinin həyata keçirilməsi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbirlərini davam etdirir. SİA-nın məlumatına görə, bnu dəfəki tədbir Qax rayonunda keçirilib. Tədbirdə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 300-dən çox sahibkar iştirak edib. Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına Qax rayonunda mineral sular istehsalı ilə məşğul olan "Kapital-N" firmasının fəaliyyətinə və Şəkidə sahibkar Rafiq Rəhimovun inşa etdirdiyi mehmanxana kompleksində aparılan tikinti işlərinə baxış keçirilib. Daha sonra Qax şəhərində "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri öz işinə başlayıb. Tədbirin açılışını Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev edib. O, dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, digər şəhər və rayonlar kimi, Qaxın da sürətlə inkişaf etdiyini, şəhərdə yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd edib.

İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin sektor müdiri Rauf Əliyev çıxış edərək, dövlət başçısının uğurla davam etdirdiyi sosial-iqtisadi siyasət nəticəsində regionların inkişafına böyük önəm verildiyini, sahibkarlığın daha da inkişaf etdiyini vurğulayıb. O bildirib ki, hazırda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası uğurla davam etdirilir, regionlarda yeni müəssisələr və iş yerləri açılır, sahibkarlıq fəaliyyəti daha da genişlənir. Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin şöbə müdiri Vidadi Baxışov sahibkarların maarifləndirilməsi, onlara zəruri nəzəri biliklərin, praktiki bacarıqların, beynəlxalq təcrübənin öyrədilməsi, həmçinin sahibkarlara tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi sahəsində Mərkəzin həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verib. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə tədbir iştirakçılarını tanış edib. O qeyd edib ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Sahibkarlığa Kömək Milli Fondu yeni yanaşma prinsiplərini davam etdirərək bu yaxınlarda intensiv bağçılığın və tingçiliyin inkişafı üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulunu elan edib. Daha sonra o, sahibkarlıq subyektlərindən müvəkkil kredit təşkilatları vasitəsilə təkliflərin qəbulu oktyabrın 21-də başa çatacağını elan edib. O cümlədən, tədbirdə sahibkarlar üçün treninqdə keçirilib. Treninqdə biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə ətraflı məlumat verilmiş, güzəştli kreditlərin əldə olunması proseduru, sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsinə dair minimal tələblər və müvəkkil kredit təşkilatları barədə məlumatları əks etdirən broşürlər, investisiya layihələrinin hazırlanmasına dair tövsiyə xarakterli materiallar təqdim edilib. Tədbirdə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Qax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə yerli icra hakimiyyəti nümayəndələri və sahibkarlarla məsləhətləşmələr aparılıb. Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Qax və ətraf rayonlarda fəaliyyət göstərən 24 sahibkarlıq subyektinə 337 min manat güzəştli kreditlər verilib. Qeyd edək ki, bu kreditlər hesabına 57 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə