SAP ERP üzrə kursların ilkin mərhələsi başa çatıb

SAP ERP üzrə kursların ilkin mərhələsi başa çatıb
Sentyabrın əvvəlindən etibarən "Azərikimya" İstehsalat Birliyinin xüsusi tədris zalında Birliyin kadrlar, maliyyə-uçot və digər dəqiq hesabat tələb edən idarə və şöbələrinin əməkdaşları üçün təşkil edilən beynəlxalq uçot sistemi - SAP ERP üzrə kursların ilkin mərhələsi başa çatıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, dinləyicilər "ev tapşırığı" - çalışdıqları sahələrlə bağlı yeni sistem üzrə sənəd və hesabatların hazırlanması üçün praktik tapşırıq alaraq oktyabrın 4-dək qısa "tətil"ə çıxıblar. Mühasibat-uçot işinin çox dəqiq və əhatəli aparılması, baza sisteminin yaradılması və əlaqələndirmə-operativlik baxımından müstəsna əhəmiyyətə malik olan SAP ERP sisteminin Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) onun müəssisə və idarələrində də tətbiqi mühüm əhəmiyyət kəsb edərək, effektli olduğundan "Azərikimya" İB-də də onun mütəxəssislər tərəfindən mükəmməl öyrənilməsinə xüsusi diqqət yetirilir və yeni ildən etibarən müvafiq sahələr üzrə reallaşdırılması nəzərdə tutulur.

İş günləri ərzində olmaqla 80 nəfərə yaxın dinləyicinin cəlb edildiyi, ciddi maliyyə-mühasibat və digər uçotların daha müasir və operativ şəkildə aparılmasını təmin edən SAP ERP sisteminin "Azərikimya" İB-də öyrənilməsi üzrə kursların nəzəri və praktiki məşğələlərinə ARDNŞ-in İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sumqayıta ezam olunmuş təcrübəli mütəxəssisləri rəhbərlik edirlər.

Qeyd edək ki, istehsalat fəaliyyətinin tənzimlənməsi, maliyyə-uçot əməliyyatlarına daha ciddi nəzarət edilməsi və müəyyən proqnozlaşdırma-planlaşdırma işlərinin mükəmməl aparılması, əməliyyatların çeviklik xüsusiyyəti baxımından olduqca mühüm olan və səmərəli nəticələr verən SAP sisteminin "Azərikimya"nın maliyyə-iqtisad mütəxəssisləri tərəfindən öyrənilməsinin ikinci mərhələsi oktyabrın 4-dən davam etdiriləcək. Həmin gündən etibarən Birliyin bütün müəssisə və idarələrinin müvafiq sahələrdə çalışan işçiləri də SAP kurslarında məşğələlərə başlayacaqlar. Ümumilikdə mütərəqqi uçot sisteminin öyrənilməsinə Birliyin 100-dən artıq mütəxəssisi cəlb olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə