Azərbaycan geoloq və qazmaçıları növbəti uğura imza atıb

SOCAR-ın Kompleks Qazma İşləri Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə həyata keçirdiyi axtarış-kəşfiyyat və istismar qazma işlərini uğurla davam etdirir, neft-qaz hasilatının sabit saxlanılması üçün mühüm işlər görür. SOCAR-dan SİA-ya verilən məlumata görə, trest bu günlərdə “Bulla-dəniz” yatağındakı 122 nömrəli stasionar dəniz özülündən 123 nömrəli quyuda qazma işlərini vaxtından əvvəl başa çatdırmış və sifarişçiyə-“Azneft” İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə təhvil veribdir. Bu, Azərbaycan geoloq və qazmaçılarının dünya miqyaslı nailiyyəti kimi qiymətləndirilir. Quyuda qazma işlərinə cari ilin yanvar ayında başlanılmış, qazma sahəsində ən mütərəqqi beynəlxalq texniki və texnoloji yeniliklərdən istifadə edilibdir. Qazmaçıların faziləsiz və gərgin əməyinin nəticəsi olaraq quyu layihə dərinliyinə - 6153 metrə çatdırılmış, layihə horizontu tam açılmışdır. Geoloji mürəkkəb kəsilişə (müxtəlif lay təzyiqlərinə) malik olan bu quyuda V və VII horizontların birlikdə qazılması və 1 kəmərlə hər iki horizontun bağlanması mümkün olmuş, anomal yüksək lay təzyiqli VIII horizontun uğurla qazılaraq mənimsənilməsinə nail olunubdur. Qazma prosesində SOCAR-ın Baş ofisinin, Neftqaztikinti Trestinin, Neftqazelmitədqiqatlayihə İnstitutunun, və “Azneft” İstehsalat Birliyinin mütəxəssisləri ilə birlikdə görülmüş tədbirlər öz bəhrəsini veribdir. 5 noyabr 2017-ci ildə perforasiya işləri aparılmış və quyu məhsuldar qatın VIII horizontundan, 6057-6097 metr intervaldan ilkin olaraq sutkalıq 180-200 ton kondensat və 800 000 kubmetr qaz hasilatı ilə istismara verilibdir.

Qeyd edək ki, Azərbaycanda belə mürəkkəb quyular SOCAR-dan başqa heç bir neft şirkəti tərəfindən qazılmır. Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən “Bulla-dəniz” yatağının şimal-şərq qanadında (II tektonik blok) yerləşən 122 nömrəli özüldən indiyədək 124 və 125 nömrəli quyular qazılaraq istismara verilib. Əldə edilmiş yüksək məhsuldarlıq gələcəkdə bu özüldən əlavə quyuların qazılmasına zəmin yaradır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...