Yenidənqurma işləri davam etdirilir

"Azərbaycan İstilik Elektrik Stansiyası" (İES) XX əsrin 80-ci illərindən istismar edildiyindən, bir çox avadanlıq fiziki və mənəvi cəhətdən aşınıb. Bu da, II, III, IV və V enerji blokları istisna edilməklə, qalan dörd blokun tam gücü ilə işləməməsinə, enerjinin istehsalında xüsusi sərfin və şərti yanacağın xüsusi sərfinin normadan artıq olmasına səbəb olub.

SİA-nın məlumatına görə, bütün bu kimi problemlərin aradan qaldırılması üçün lazımı tədbirlər görülür. Cari ilin avqust ayında 458,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. Bu da proqnozlaşdırıldığından 3,4 milyon kilovatsaat çoxdur.

Qeyd edək ki, 2010-cu ilin 8 ayı ərzində stansiyada 3 milyard 322,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. O cümlədən, "Azərbaycan" İES-də də yanğın təhlükəsizliyi tədbirləri ilə bağlı stansiyanın ərazisi quru otlardan təmizlənib, stansiyanın sex və sahələrində ilkin yanğınsöndürən vasitələrinə baxış keçirilib. Eyni zamanda yanğına qarşı su təchizatı sistemləri və rabitə vasitələri də saz vəziyyətə gətirilib.

Bütün bunlarla yanaşı avadanlıqların iş rejimlərinə nəzarət daha da gücləndirilib və soyutma sistemləri saz vəziyyətə gətirilib. O cümlədən, stansiyanın mövcud vəziyyətinə uyğun normal fəaliyyətini davam etdirməsi üçün müəyyən edilmiş təmir işləri qrafikə uyğun davam etdirilir.

Onu da qeyd edək ki, 1 və 8 saylı bloklarda yenidənqurma işləri davam etdirilir. Sözügedən, elektrik stansiyası hər birinin gücü 300 MVt olan səkkiz enerji blokundan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə