Kənd təsərrüfatının sığortası ilə əlaqədar qanuna dəyişiklik ediləcək ÖZƏL
“Milli Məclisin yeni sessiyası dövründə “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsinə dəyişikliklərin edilməsi nəzərdə tutulur ”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
Onun sözlərinə görə, qanunlara edilən əlavə və dəyişikliklər zamanın tələbindən irəli gələn məsələlərdir: “Bu baxımdan da sözügedən qanun layihəsi uzun müddət bundan öncə qəbul olunduğu və hazırda da işləmədiyi üçün layihəyə dəyişiklik üzərində işlər gedir. Komitəmiz yeni sessiya dövründə “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanunu yenilik gətirməyə çalışacaq”.
E. İbrahimov vurğulayıb ki, aqrar sahənin inkişafı ilə bağlı elə bir çərçivə qanunu yoxdur ki, Milli Məclisin Aqrar siyasət Komitəsi tərəfindən qəbul olunmasın: “Bildiyiniz kimi komitəmiz tərəfindən Torpaq, Su, Meşə Məcəllələrini qəbul etməklə yanaşı, bir sıra mühüm qanunlara əlavə və dəyişikliklər edib. Qanunlar hər dövrün tələbinə uyğun olaraq qəbul edilir. Misal üçün 1996-cı ildə Milli Məclisin Aqrar siyasət komitəsi tərəfindən “Torpaq islahatı haqqında” qanun qəbul olunmuşdu ki, bu qanun həmin dövr üçün inqilabi qanun idi. Qanun çərçivəsində torpaq həsrətində olan şəxslər torpaqla təmin olundu və bunun da nəticəsində kənd təsərrüfatı sahəsinin inkişafı üçün imkanlar yaratdı. Lakin həmin müddətdən uzun dövr keçib və komitə olaraq biz növbəti inqilabı qanunu ötən il qəbul etdik ki, bu da “Kooperasiya haqqında” qanundur. Qanun layihəsi Almaniya təcrübəsinə əsaslanaraq hazırlandı. Qanun qəbul edildikdən sonra onunla bağlı “2017-2020-ci illərdə kooperativlərin yaradılması ilə əlaqədar olaraq Dövlət Proqramı” da hazırlandı və artıq icrasına başlanılıb. Hazırda Nazirlər Kabineti və digər aidiyyatı qurumlar bu məsələ ilə məşğul olurlar. Məhz bu görülən işlərin nəticəsidir ki, Azərbaycanda aqrar sahə daha da inkişaf edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB