Dövlət Neft Şirkətinin brendi altında 2 yeni yanacaqdoldurma stansiyasının açılış mərasimi olub

Bu gün Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) brendi altında 2 yeni yanacaqdoldurma stansiyasının (YDS) açılış mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, hər iki yanacaqdoldurma stansiyası aeroporta, Bakının qəsəbələrinə və bağ massivinə aparan avtomobil yolunda yerləşir. Onlardan biri Sabunçu dairəsi yaxınlığında, ikincisi isə Qala qəsəbəsinə gedən yoldadır.

Açılış mərasimində iştirak edən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev deyib ki, bu ilin sonuna kimi istismara veriləcək YDS-nın sayı 10-a çatacaq. Ümumilikdə, ARDNŞ Azərbaycanda 26-30 YDS açmaq fikrindədir. Eləcə də stansiyaların respublikanın giriş və çıxış yollarında yerləşməsinə böyük diqqət yetirilir: "Bu ərazilərdə yanacaqdoldurma stansiyasının olmaması belə obyektlərin tikilməsinə ehtiyac yaradıb. Azərbaycanda yanacaqdoldurma stansiyasınına investisiyalar 20 milyon manat təşkil edir. Yaxın günlərdə isə Bakı-Salyan şossesinin 70 kilometrliyində də yanacaqdoldurma stansiyasının açılması planlaşdırılır. Gələn il Azərbaycanda daha 10 yanacaqdoldurma stansiyası açılacaq".

Xatırladaq ki, ARDNŞ-nin brendi altında ilk 3 YDS 2010-cu il mayın 7-də açılıb. Hər üç stansiya paytaxtda - H.Əliyev adına Bakı Beynəlxalq Hava Limanına aparan şossedə, Zığ şossesində və Bibiheybət qəsəbəsində yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə