Göygöl və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara 360 min manat güzəştli kreditlər verilib

Göygöl və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara 360 min manat güzəştli kreditlər verilib

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbir sentyabrın 17-də Göygöl rayonunda keçirilib. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 350-yə yaxın sahibkar iştirak edib.

SİA-nın məlumatına görə, əvvəlcə tədbir iştirakçıları Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit almış Göygöl rayonundakı mineral sular istehsalı ilə məşğul olan "Fəhralı" müəssisəsinin fəaliyyətinə və Gəncə şəhərindəki "Neon" firmasının inşa etdirdiyi tutumu 10 min ton olan taxıl anbarında aparılan tamamlama işləri ilə tanış olublar.

Sonra "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov rayonda yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını bildirib.

İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev çıxış edərək dövlət başçısının uğurla davam etdirdiyi sosial-iqtisadi siyasət nəticəsində regionların inkişafına böyük önəm verildiyini, sahibkarlığın daha da inkişaf etdiyini vurğulamış, regionların inkişafında dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini qeyd ediblər.

Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin şöbə müdiri Qorxmaz Əfəndiyev sahibkarlığın inkişafına dövlət dəstəyinin vacib komponentlərindən biri kimi maarifləndirmənin əhəmiyyətini vurğulamış, sahibkarlara və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərə zəruri nəzəri biliklərin, praktiki bacarıq¬arın, beynəlxalq təcrübənin aşılanması, onlara tədris-metodiki, innova¬siya və konsaltinq xidmətlərinin göstərilməsi sahəsində Bakı Biznes Tədris Mərkəzinin həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına regionlarda həyata keçirilən layihələr barədə məlumat verib. Tədbir çərçivəsində həmçinin, sahibkarlar üçün treninq keçirilib. Treninqdə biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə ətraflı məlumat verilmiş, güzəştli kreditlərin əldə olunması proseduru, sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsinə dair minimal tələblər və müvəkkil kredit təşkilatları barədə məlumatları əks etdirən broşürlər, investisiya layihələrinin (biznes-planların) hazırlanmasına dair tövsiyə xarakterli materiallar təqdim edilib.

Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Göygöl və ətraf rayonlarda fəaliyyət göstərən 28 sahibkarlıq subyektinə 360 min manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 70 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə