Energetik çox cavabdehli peşədir FOTOLAR

Energetik çox cavabdehli peşədir FOTOLAR

Ruslan Əmirov: “Məsuliyyət olmayan yerdə bədbəxt hadisələr qaçılmazdır”

Hələ Sovetlər dövründə Azərbaycan energetikləri öz sözlərini deyə bilirdilər. Məhz dünyanın yeni möcüzəsi olan Neft Daşlarında, Azərbaycan Neft Sənayesinin, Kimya Sənayesinin inkifafında, bütövlükdə məmləkətimizdə işıqlandırma sisteminin yaradılmasında Azərbaycan energetiklərinin də əməyi çox olub. Bunu danmaq olmaz. Hətta bizim bu sahədə böyük uğurlar əldə edən mütəxəssislərimiz təkcə Sovet respublikalarında yox, xarici ölkələrdə də yüksək ixfisaslı mütəxəssislər kimi tanınırdılar. Əlbəttə, erengetika sektorunun dirçəlməsində ulu öndər Heydər Əliyevin əməyi böyük olub. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1970-80-ci illərində bu sahəyə daha çox fikir verilirdi. Bundan ruhlanan energetiklər daha əzmkarlıqla işləyir və yeni-yeni nailiyyətlər əldə edirdilər.

Müstəqillik qazandığımız bu illərdə də energetika sahəsinə daha çox fikir verilir. Azərbaycan sənayesinin bütün sahələrdə belə uğurla davam etməsində energetika sahəsinin işçilərinin əməyini danmaq olmaz. Bu gün son tamamlanma işləri getdiyi “Şahdəniz-2” layihəsində də energetiklərin (elektriklərin) əməyi çox böyükdür. Biz bu sahədə çalışan və cavan olmasına baxmayaraq artıq özünü bir mütəxəssis kimi sübüt etmiş Ruslan Sergey oğlu Əmirovla söhbətləşdik.

Qeyd: Ruslan Əmirov 1981-ci il mart ayının 27-də Ağdam şəhərində anadan olub. Sumqayıt şəhərindəki 15 nömrəli tam orta məktəbi əla və yaxşı qiymətlərlə bitirib və Milli Aviasiya Akademiyasına daxil olub. Akademiyanı əla qiymətlərlə elektrik mühəndisi ixtisası üzrə bitirib. Sonra ordu sıralarında bir il xidmət edib. Ruslanın ilk iş yeri Bakı Elektrik Sazlama Şirkəti olub. Orada mühəndis vəzifəsində işləyib. Sonra öz işini “Azərsun” Şirkətində elektrik mühəndisi kimi davam etdirib. Burada da iki fabrik tikintisində uğurla iştirak edib. 2011-ci ildən AZFEN Şirkətində işləməyə başlayıb. Artıq 6-cı ildir ki, bu şirkətdə işləyir. “Şahdəniz-2” layihəsi başlayanda ilk mütəxəssislərdən biri də məhz Ruslan Sergey oğlu Əmirov olub.

- Xahiş edirik ki, Azərbaycan energetikası haqqında oxucularımıza qısa məlumat verəsiniz.

- Azərbaycan energetikası müstəqillik dövrümüzdə daha sürətlə inkişaf edib. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra bu sahəyə daha çox diqqət yetirilib. Çünki bu sahəsiz belə böyük beynəlxalq səviyyəli layihələri həyata keçirmək olmazdı. Elektrik ( energetika) sahəsi insanın təsərrüfat-iqtisadi fəaliyyətinin mühüm bir sahəsidir. Həm də bütün növ enerji ehtiyatlarının istifadəsi, paylaşması və dəyişilməsi üçün istifadə edilən böyük təbii və süni yarımsistemlərin toplanmasıdır. Ona görə də başqa sahələrdən fərqli olaraq elektrik sahəsində hər zaman həm inkişafı, həm də dəyişiklikləri görə bilərik.

– Elektrik sahəsi çox çətin sahədir. Bu sahədə səhv edənlərin günahı ucbatından böyük problemlər yaranır. Bu sahədə səhv etməmək üçün bir mütəxəssis kimi nələri tövsiyyə edərdiniz?

- Tək elektrik sahəsi yox, texnika ilə olan bütün sahələr insandan böyük məsuliyyət, cavabdehlik tələb edir. Harada ki, cavabdehlik, məsuliyyət yoxdursa orada bədbəxt hadisələr qaçılmazdır. Bizim sahə isə insandan böyük peşəkarlıq və məsuliyyət tələb edən sahədir. Bizim sahədə səhv etmək qəti olmaz. Ona görə də bu sahədə çalışan insanlar bu sahəni mükəmməl bilməlidirlər.

– Energetika sahəsi bu gün həyatımızda hansı rol oynayır?

- Bu sualla bağlı adi bir misal çəkim. Təsəvvür edin ki, bir gündə bütün elektrik avadanlıqlarının işi dayandırılıb. Nə televizor, nə telefonlarımız, nə də metro işləyir. Bax onda biz aydın görə bilərik ki, bu sahə həyatımızın tam ayrılmaz bir hissəsidir.

– Azərbaycanda cənab İlham Əliyevin böyük məqsədyönlü siyasəti nəticəsində çoxlu neft-kimya sənaye müəssisələri tikilir. Bir cavan mühəndis kimi buna münasibətiniz necədir? Onların gələcəkdə Azərbaycana hansı xeyiri dəyə bilər?

- Əlbəttə, mən bütün bunları alqışlayıram. Yadıma gəlir ki, hələ Azərbaycan Aviasiya Akademiyasında biz təhsil aldığımız vaxt, rektorumuz, dünya səviyyəli fizik, bu sahədə böyük ixtiraları olan akademik cənab Arif Mir Cəlal oğlu Paşayevin rəhbərliyi ilə bizə orada çox yüksək səviyyədə dərslər keçirilirdi. Mən orada 1998-2000-ci illərdə təhsil almışam. Həmin vaxtı bu Akademiya təzə yaradılmışdı. Biz beş il ərzində həmişə pozitiv enerji ilə qarşılanmışıq. Mən bu Akademiyanı qırımız diplomla bitirmişəm. Qazaxıstanda kompleks sertifikat qazanmışam. 2012-ci ildə isə Patefist sertifikatını BP-dən almışam. Mən bir məsələni vurğulamaq istəyirəm ki, Milli Aviasiya Akademiyasında təhsil aldığım illərdə orada çalışan müəllimlərimiz bizi dünya standartlarına uyğun səviyyədə mütəxəssis kimi yetişdirirdilər. Çünki onlar yaxşı bilirdilər ki, həm ulu öndər Heydər Əliyev və həm də onun layiqli davamçısı İlham Əliyev cənabları dünya səviyyəsində məqsədyönlü siyasət aparmaqla, Azərbaycanın böyük iqtisadiyyatını, uğurlu gələcəni qururlar. Bu işdə isə yüksək səviyyəli mütəxəssislərə böyük ehtiyac var. Çünki biz əgər xarici şirkətlərlə işləyiriksə, deməli, biliyimiz də onların biliyindən, savadından geri qalmamalıdır. Bəli. Yeni tikilən neft-kimya sənayesi qurğularının həm bu gün, həm də gələcəkdə Azərbaycana böyük xeyiri dəyəcək. Azərbaycan bu sahədə artıq MDB məkanında ən çox inkişaf etmiş ölkələrdən biridir. Bir cavan mütəxəssis kimi mən də bununla sevinirəm, qürur duyuram və ölkəmizin çox uğurlu gələcəyini görürəm.

– Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirildi. Bir ziyalı mühəndis kimi deyə bilərsinizmi bunun gələcəkdə respublikamıza hansı xeyirləri olacaq?

- Bilirik ki, idmanın inkişafı bir başa insanın inkişafına və sağlamlığına böyük təsir edir. Sağlam millət isə, sağlam gələcək deməkdir. Bu oyunların məhz Azərbaycanda keçirilməsi bizim üçün çox böyük qürür və şərəfdir. Təsəvvür edin ki, dünyanın 54 ölkəsi bu oyunlarda iştirak edirdi. Və bu yarışları da dünya xalqlarının təxminən 1,5 milyard insanı izləyirdi. Bu qədər insanın eyni vaxtda Azərbaycan haqqında xoş təəssüratları yarandı. Deməli, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz haqqında ən qısa vaxtda dünya xalqlarına çox böyük təəssüratların verilməsi deməkdir. Bu, elə özü ən böyük siyasət demək deyilmi? Mən, bunu çox yüksək səviyyədə alqışıayıram. Bu yarışlarda da Azərbaycan 75 qızıl medal alamaqla 54 ölkə arasında birinci yeri tutdu. Əlbəttə, bu böyük və tarixi qələbədir. Azərbaycan bununla da təkcə özünü dünyanın ən inkişaf etmiş idman olkələrindən biri olmaqla sübut etməklə, həm də qısa vaxtda dünyanın ən inkişaf etmiş ölkələrindən biri olduğunu da sübut etdi. Bu da ölkə başçımız İlham Əliyevin və oyunların təşkilat komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti, birinci vitse-prezident Mehriban xanım Əliyevanın əməyinin nəticəsidir.

– Siz bu gün işğal altında olan Ağdam şəhərində dünyaya gəlibsiniz. Həmin yerlər yadınıza düşürmü?

- Mən, Ağdam şəhərində uşaq vaxtı iki dəfə olmuşam. Uşaq təəssüratımda Ağdam gözəl və yaraşıqlı şəhər kimi qalıb. İnanıram ki, belə qüdrətli ordu ilə biz tezliklə Ağdamı və bütövlükdə Qarabağı erməni quldurlarından azad edəcəyik. Prezidentimizin dediyi kimi, tezliklə üçrəhgli bayrağımız Qarabağın bütün bölgələrində dalğalanacaq. Həmin günlər heç də uşaqda deyil.

- Xalqımıza bir mütəxəssis kimi arzularınız, istəkləriniz nədir?

- Azərbaycan Şərqdə ilk Demokratik Respublika quran bir ölkədir. Artıq gələn il bu respublikanın qurulmasının 100 illiyini qeyd edəcəyik. Ən böyük istəyim odur ki, dünyada yaçayan 70 milyondan çox azərbaycanlılar sağlam və xoşbəxt həyat yaşasınlar. Hörmətli Prezidentimizin apardığı siyasət nəticəsində bütün azərbaycanlıların hamısı eyni məqsədə xidmət etsinlər. Aramızda milli birlik olsun. Əgər belə olsa hətta o taylı-bu taylı Azərbaycanın da birləşəcəyi günü biz görə bilərik. Atalarımız da deyib ki, “birlik olan yerdə dirilik də olar”.

E.AĞALAROĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə