"Azerbaijan-Georgia-Romania Interconnector" layihəsinin dəyəri 4.5 milyard avroya çata bilər

"Azerbaijan-Georgia-Romania Interconnector" layihəsinin dəyəri 4.5 milyard avroya çata bilər
"AGRİ (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsi Azərbaycanın təbii qazının mayeləşdirilmiş qaza çevirməyi və bu vasitə ilə Rumıniyaya çatdırmağı nəzərdə tutub". SİA-nın verdiyi xəbərə görə, bu sözləri sənaye və energetika naziri Natiq Əliyev jurnalistlərə açıqlamasında deyib. Layihə ilə bağlı ilk təşəbbüsün Rumıniya və Azərbaycan prezidentləri tərəfindən irəli sürüldüyünü xatırladan nazir layihə ilə bağlı ilk müzakirənin 2008-ci ildə aparıldığını da dilə gətirib. O bildirib ki, layihə ilə əlaqədar bir neçə görüşlər keçirilib və onun əsas elementləri müəyyən olunub.

Layihənin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən N.Əliyev söyləyib ki, ilk dəfə olaraq Azərbaycan bu layihə vasitəsilə mayeləşdirilmiş qazını Avropaya çatdırmaq imkanı qazanacaq. Layihənin dəyərinə gəlincə nazir: "İlk növbədə 2 milyard kubmetrin sahilə çatdırılması və maliyyələşməsi nəzərdə tutulub. İkinci mərhələdə bu rəqəm 5, üçüncü mrhələdə isə 8 milyarda qədər çatdırılacaq. Bundan asılı olaraq kapital qoyuluşu da dəyişir. Belə ki, layihənin dəyəri təxminən 1.2 milyarddan 4.5 milyard avroya çata bilər", - deyə qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Gürcüstan və Rumıniyanın energetika nazirləri AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsi üzrə Bakı Bəyannaməsinin layihəsini müzakirə ediblər. Sənədin sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya prezidentləri tərəfindən imzalanması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə