“Nabucco” təbii qaz boru xətti layihəsinin inşası üçün 4 milyard avroluq kredit gəlir

“Nabucco” təbii qaz boru xətti layihəsinin inşası üçün 4 milyard avroluq kredit gəlir

"Nabucco" təbii qaz boru xətti layihəsinin inşası üçün Avropa İnvestisiya Bankı, Dünya Bankının nəzdindəki Beynəlxalq Maliyyə Təşkilatı və Avropa Yenidənqurma və İnkişaf Bankı kredit hazırlığına başlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Xəzər bölgəsi və Orta Şərqin təbii qazını Türkiyə vasitəsilə Avropaya daşıyacaq 7,9 milyard avroluq "Nabucco" kəmərinin inşası üçün 3 beynəlxalq maliyyə nəhəngi 4 milyard avroya qədər kredit verilməsi ilə bağlı razılığa gəlib.

 

Avropa İnvestisiya Bankı 2 milyard, Avropa Yenidənqurma və İnkişaf Bankı 1,2 milyard, Beynəlxalq Maliyyə Təşkilatı isə 800 milyon avro kredit ayırması ilə bağlı "Nabucco" konsorsiumu ilə razılaşma imzalayıb. Beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə Brüsseldə birgə mətbuat konfransı təşkil edən kəməri idarə edəcək "Nabucco Gas Pipeline İnternational GmbH." konsorsiumunun icraçı direktoru Reynhard Mitşek beynəlxalq maliyyə qurumlarının imzasıla əksər hissəsi Türkiyədən keçən 4 min kilometrlik və 31 milyard kubmetr tutumlu boru xəttinin inşası üçün əhəmiyyətli bir addımın atıldığını söyləyib. Aparılacaq qiymətləndirmələrdən sonra 4 milyard avro kreditin gələn il təsdiqlənməsini gözlədiklərini qeyd edən Mitsek inşaat işlərinin 2014-cü ilin sonunda və ya 2015-ci ilin əvvəlində başlayacağı kəmərlə ilkin mərhələdə 18 milyard kubmetr Azərbaycan və İraq təbii qazının daşına biləcəyini bildirib. O, vurğulayıb ki, sonrakı illərdə kəmərə Türkmənistan və Misir olmaqla bölgədəki digər ölkələrdən də təbii qaz vurula bilər.

 

Brüsseldəki imzalamadan sonra Türkiyə mətbuatının suallarını cavablandıran "Nabucco"nun səhmdarlarından olan BOTAŞ İdarə Heyəti sədri Fazıl Şenel Türkiyəni layihənin yaradıcılarından biri adlandırıb. BOTAŞ rəsmisi ilk mərhələdə Azərbaycan və İraqın hər birindən 10 milyard kubmetr olmaqla cəmi 20 milyard kubmetr təbii qazın bu layihənin reallaşması üçün kifayət edəcəyini deyib. F.Şenel də sonrakı dövrdə Türkmənistan və Misirdən təbii qazın alına biləcəyini diqqətə çatdırıb. Suriya ilə də danışıqların aparılacağını deyən BOTAŞ İdarə Heyəti sədri kəmərin doldurulması üçün qaz tapmaqda bir problemlə qarşılaşacağını hesab etmədiyini vurğulayıb.

 

Qeyd edək ki, "Nabucco" Xəzər bölgəsi və Orta Şərq təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan qaz kəməri layihəsidir. Çoxsaylı səylərə baxmayaraq, indiyə kimi layihənin icra ediməsi istiqamətində əhəmiyyətli adımlar atılmayıb. Layihənin icrasına əsas əngəl kimi Avropa təbii qaz bazarının böyük hissəsinə nəzarət edən Rusiya göstərilir. Avropa isə layihənin icrasında israrlı görünür.

 

Boru kəmərinin Avstriyanın Baumgarten şəhərinə qədər uzadılması planlaşdırılır. "Nabucco" ilə illik minimum 25, maksimum 31 milyard kubmetr təbii qazın daşınması nəzərdə tutulub. Layihənin ilk səhmdarları OMV (Avstriya), "Bulgargaz" (Bolqarıstan), MOL (Macarıstan), Transgaz (İtaliya) və BOTAŞ (Türkiyə) olub. Almaniyanın "RWE" qaz şirkəti 5 fevral 2008-də Vyanada təşkil olunan toplantıda "Nabucco"nun altıncı səhmdarı kimi qeydə alınıb. Layihəyə Fransa şirkəti "Gas da France" da qoşulmaq istəyindədir.

 

"Nabucco" ilə Avropaya çatdırılacaq qaz qitənin 2020-ci ildə 600 milyard kubmetrə çatması gözlənilən ehtiyacın 5 faizini ödəyəcək. 7,9 milyard avro dəyərində və 4 min kilometrlik boru xəttinin inşasında 2 milyon ton polad istifadə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə