FATF-ın yüksək səviyyəli nümayəndə heyəti Azərbaycanda səfərdədir

FATF-ın yüksək səviyyəli nümayəndə heyəti Azərbaycanda səfərdədir

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) yüksək səviyyəli nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdədir. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətindən SİA-ya verilən məlumata görə, səfər 2010-cu il 07-08 avqust tarixlərini əhatə edəcək. Səfərdə məqsəd cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sahəsində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərlə yerində tanış olmaqdır.

Məlumat üçün bildiririk ki, FATF PL/TMM sahəsində strategiyaların istər ölkədaxili, istərsə də beynəlxalq səviyyədə hazırlanması və təbliği məqsədini qarşısına qoymuş hökumətlərarası bir qurumdur. 1989-cu ildə "Böyük Yeddilik Dövlətləri"nin Paris zirvə toplantısında yaradılıb. FATF PL/TM-ə qarşı fəaliyyət üzrə beynəlxalq standartları müəyyən edir, bu standartların ölkələr tərəfindən tətbiqini qiymətləndirir və dövlətlər üçün icrası məcburi xarakter daşıyan qərarlar qəbul edir.

FATF 2009-cu ildə 140-a yaxın ölkədə PL/TMM sahəsində boşluqları qiymətləndirmiş və bu qiymətləndirmə əsasında ölkələri PL/TMM sahəsində mövcud olan risklərinə görə üç qrupa ayırıb:

- PL/TMM sahəsində mühüm çatışmazlıqlara malik olması ilə əlaqədar barəsində sanksiyalar tətbiq edilən ölkələr;

- PL/TMM sahəsində boşluqlara malik olan və bu istiqamətdə FATF ilə əməkdaşlıq etməyən ölkələr;

- PL/TMM sahəsində boşluqlara malik, lakin onların aradan qaldırılması üçün siyasi iradəyə və xüsusi fəaliyyət planına malik olan ölkələr.

Azərbaycan məhz üçüncü qrupa daxil edilmiş və boşluqların aradan qaldırılması üçün qarşılıqlı şəkildə razılaşdırılmış fəaliyyət planı təsdiq edilib. FATF-ın 2010-cu ilin iyun ayında keçirilmiş növbəti plenar iclasında aparılan müzakirələr zamanı Azərbaycanın PL/TMM sisteminin inkişafı ilə bağlı tədbirlər planının uğurla icra etdiyi qeyd olunmuş, o cümlədən, milli qanunvericiliyin təkmilləşdirilməsi, habelə Maliyyə Monitorinqi Xidmətinin funksionallığının artırılması ilə bağlı fəaliyyətlər təqdir edilib.

FATF-ın missiyasının ölkəyə səfəri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetində, Mərkəzi Bankda, Milli Təhlükəsizlik Nazirliyində, Maliyyə Monitorinqi Xidmətində, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində, habelə bir sıra kommersiya banklarında görüşlər keçiriləcəkdir. Keçiriləcək görüşlər və aparılacaq müzakirələrin əsas məqsədi Azərbaycanda PL/TMM sisteminin inkişafı ilə əyani surətdə tanış olmaq, müvafiq məsələlər barədə səlahiyyətli orqanlarla müzakirələr aparmaqdır.

Azərbaycan Respublikasında maliyyə-iqtisadi sistemdə şəffaflığın artırılması və təhlükəsizliyin gücləndirilməsi istiqamətində uğurla həyata keçirilən tədbirlər çərçivəsində PL/TM-lə effektiv mübarizə sisteminin daha da təkmilləşdirilməsi ölkənin maliyyə sisteminə beynəlxalq etimadın yüksəlməsinə şərait yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə