Oğuzda sahibkarlara 500 min manat kredit verilib

Oğuzda sahibkarlara 500 min manat kredit verilib
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyinin həyata keçirilməsi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini bu gün Oğuz rayonunda keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 260-a yaxın sahibkar iştirak edib. Tədbir çərçivəsində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına Oğuz rayonunda "CPC" MMC-nin inşa etdirdiyi qarğıdalı emalı (qlükoza istehsalı) zavodunda və İsmayıllı rayonunda "EVİAR" MMC-nin inşa etdirdiyi çörək zavodunda aparılan tikinti tamamlama işlərinə, "İsmayıllı Quşçuluq" MMC-nin fəaliyyətinə baxış keçirilib. Sonra Oğuzda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynov son illər regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində məşğulluğun səviyyəsinin artdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini qeyd edib, rayonda yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını bildirib.İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin aparıcı məsləhətçisi Seyran Ədilov çıxış edərək dövlət başçısının uğurla davam etdirdiyi sosial-iqtisadi siyasət nəticəsində regionların inkişafına böyük önəm verildiyini, sahibkarlığın daha da inkişaf etdiyini vurğulamış, regionların inkişafında dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini qeyd ediblər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, Fond müasir standartlara cavab verən kiçik və ya orta həcmli meyvə emalı (üzüm, ərik, şaftalı, gavalı, albalı, gilas, xurma, alma, armud, tut və s. meyvələrin qurudulması və ya konservləşdirilməsi, o cümlədən mürəbbə, marinad, cem, jele və s.) müəssisələrinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlardan təkliflərin qəbulunu davam etdirir.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində sahibkarlar üçün treninq də keçirilib. Treninqdə biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə sahibkarlara ətraflı məlumat verilmiş, güzəştli kreditlərin əldə olunması proseduru, investisiya layihələrinin tərtib edilməsinə dair minimal tələblər və Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatları barədə məlumatları əks etdirən broşürlər, biznes-planların hazırlanmasına dair tövsiyə xarakterli materiallar təqdim edilib. Tədbir çərçivəsində həmçinin, müvəkkil kredit təşkilatları vasitəsilə Oğuz və ətraf rayonlarda fəaliyyət göstərən 33 sahibkarlıq subyektinə 500 min manat məbləğində güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 35 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə