“Neft Daşları” DKQİİ-nin dəniz obyektlərində ekoloji monitorinq işləri həyata keçirilib

“Neft Daşları” DKQİİ-nin dəniz obyektlərində ekoloji monitorinq işləri həyata keçirilib
Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin əməkdaşları "Kompleks Qazma İşləri" trestinin "Neft Daşları" Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsinin (DKQİİ) dəniz obyektlərində qazma işləri zamanı ətraf mühitin mühafizəsi, həmçinin ətraf mühitə təsirin qiymətləndirilməsi, qazma prosesində istifadə olunan texnoloji ğurğularda ekoloji təhlükəsizliyin təmin edilməsi, mövcud problemlərin həlli istiqamətində görülmüş tədbirlərin araşdırılması üçün ekoloji monitorinq işləri həyata keçiriblər. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədqiq olunan dəniz obyektlərində bu ilin yanvar ayında nəzarət monitorinqləri aparılıb. Bu zaman müəyyənləşdirilən bir sira ekoloji çatışmamazlıqlar hazırda aradan qaldırılıb.

Belə ki, özüllərdəki nov sistemində döşəməaltı suların soyutma işləri zamanı təkrar istifadə olunması, məişət tulantıları üçün konteynerlərin yerləşdərilməsi, tərkibində kimyəvi reagentlər olan qazma şlamının sahilə daşınaraq Ekologiya İdarəsinin "Tullantı mərkəzi"nə təhvil verilməsi həyata keçirilib. Həmçinin, qazma prosesi zamanı dəniz ekosisteminə təsir parametrlərinin müəyyən edilməsi məqsədilə monitorinq müddətində sözügedən obyektlərin dəniz stasionar özülləri ətrafından su nümunələri götürülüb. Monitorinq zamanı dəniz axınlarının sürət və istiqaməti ölçülüb, ərazinin meteoroloji tədqiqatı aparılıb. Götürülən nümunələr Kompleks Tədqiqat Laboratoriyasında tədqiq edildikdən sonra, alınan nəticələrə əsasən ekoloji durumun yaxşılaşdırılması istiqamətində təkliflərin hazırlanması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə