İTM “İqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirləri” mövzusunda seminar keçirib

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ATƏT-in Bakı Ofisinin icra etdiyi, "Statoil" və Avstriya hökumətinin maliyyələşdirdiyi Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti (TƏMVF) Kiçik Qrantlar Proqramı çərçivəsində "İqlim dəyişikliyinin yaratdığı sosial-iqtisadi təhlükələr və risklərin idarəolunması" layihəsi əsasında Qazax və Gəncə şəhərlərində "İqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirləri" mövzusunda seminar keçirib. SİA-ya İTM-dən verilən məlumata görə, seminarlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional mərkəzlərinin, Gəncə Məşğulluq Mərkəzi, "Aqrolizinq" ASC, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə şöbəsi, yerli statistika idarələri və QHT nümayəndələri, Qazax rayonunda fəaliyyət göstərən fermerlər, kənd bələdiyyələrinin nümayəndələri və rayon icra hakimiyyətinin aqrar məsələlər üzrə məsul əməkdaşları, həmçinin ATƏT-in Bakı ofisinin nümayəndəsi iştirak ediblər.

 

Hər iki tədbirdə çıxış edən İTM İdarə Heyətinin sədr müavini Rasim Hüseynov Azərbaycan iqtisadiyyatının müasir durumu, qlobal iqlim dəyişikliklərinin ona təsirlərindən danışıb. Daha sonra Mərkəzin eksperti Vahid Məhərrəmov seminar iştirakçılarına qlobal iqlim dəyişikliklərinin aqrar bölməyə yaratdığı təhlükələr və risklərin idarə olunması ilə bağlı təqdimat edib, son dövrlər ölkədə iqlim dəyişikliklərinin yaratdığı fəsadlardan ziyan çəkən aqrar bölmənin müxtəlif sahələrindən nümunələri iştirakçıların nəzərinə çatdırıb. V.Məhərrəmov bu kimi fəsadlardan sığortalanmaq üçün mümkün qabaqlayıcı tədbirlərə dair təkliflər barədə iştirakçılara məlumat verib. Seminarlar zamanı həmçinin iştirakçıların fikirləri öyrənilib, onların səsləndirdikləri təkliflər ətrafında müzakirələr aparılıb. İTM-in sədr müavini R. Hüseynov iştirakçılara bildirib ki, İTM iqlim dəyişiklikləri ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi üçün təkliflər paketi hazırlayır və iştirakçıların səsləndirdikləri rəy və təkliflər həmin paketin daha faydalı hazırlanmasına imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə