Havaya atılan səmt qazın həcminin azaldılması üzrə tədbirlər planı hazırlanır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsində Dünya Bankının "Qlobal Qaz Yandırılmalarının azaldılması üzrə tərəfdaşlıq" (GGFR) təşkilatının texniki dəstəyi ilə hazırlanmış "ARDNŞ-də, Əməliyyat Şirkətləri və Birgə Müəssisələrdə səmt qazının azaldılması planı" sənədinin müzakirəsi keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müzakirədə Dünya Bankının nümayəndələri, ARDNŞ-nin, Ekologiya İdarəsinin, "Azneft" İB-nin, Əməliyyat Şirkətləri və Birgə Müəssisələrin rəhbər işçiləri iştirak ediblər.

Seminarı giriş sözü ilə ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Soltan Əliyev açıb və görüən işlər barədə məlumat verib. "Qlobal Qaz Yandırılmalarının azaldılması üzrə tərəfdaşlıq" təşkilatı və ARDNŞ arasındakı əməkdaşlıq haqqında GGFR-nin meneceri Bent Svensson öz fikirlərini bölüşüb. "Səmt Qazının Azaldılması Planı"nı Ekologiya İdarəsinin rəisi Azər Əliyev təqdim edib. Hazırlanan sənəddə ARDNŞ, Əməliyyat Şirkətləri və Birgə Müəssisələr tərəfindən istismar olunan neft yataqlarında səmt qazının havaya atılması üzrə hesabatvermə və havaya atılan səmt qazın həcminin azaldılması üzrə tədbirlərin planlaşdırılması təsvir edilib. Həmçinin səmt qazının azaldılmasının GGFR təşkilatı tərəfindən təklif edilən xüsusi yanaşmalara əsasən həyata keçirilməsi nəzərdə tutulur. Müzakirələrdə həmçinin digər ölkələrdə səmt qazının azaldılması üzrə GGFR-ın təcrübəsi haqqında təşkilatın məsləhətçisi cənab Hüman Fernecad çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...