Sədaqət Vəliyeva: "Azərbaycan dialoq platformasına çevrilib"

Sədaqət Vəliyeva: "Azərbaycan dialoq platformasına çevrilib"

"Möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib və xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. Onun sözlərinə görə, bu istiqamətdə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni müxtəlifliyə dəstəyin bariz nümunəsidir: "IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dövlətimizin başçısının dünya miqyasında sülh və dialoqa, əməkdaşlığa çağırış siyasətini dəstəkləməsinə əyani sübutdur. Sirr deyil ki, Cənab Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə "Bakı prosesi" təşəbbüsü irəli sürülüb, İslam ölkələri mədəniyyət nazirlərinin VI Konfransı keçirilib, həmçinin, BMT Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü elan edilib. Bu mənada, "Bakı prosesi" çərçivəsində 2011-ci, 2013-cü və 2015-ci illərdə I, II və III Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, habelə 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ölkəmizdə yüksək səviyyədə təşkil edilib. Elə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bütün deyilənlərin prizmasından istisna təşkil etmir. Forumda 120-dək ölkə rəsmisinin, 39 beynəlxalq təşkilatdan rəsmilərin, 50-dən çox qeyri-hökumət təşkilatlarınin, təqribən 800-dən çox xarici nümayəndənin, həmçinin, dövlət və hökumət və beynəlxalq təşkilatların rəhbərlərinin, parlament rəsmilərinin, alimlərin, səfirlərin, tanınmış şəxslərin, 30-dan çox nazirin iştirak etməsi dövlətimizin siyasətinə dəstəyin ifadəsidir".

"Bu Forum böyük strateji hədəflərə hesablanan prosesdir. Burada ölkəmizin beynəlxalq qurumlararası münasibətlərə, beynəlxalq təşkilatlarla ölkələr arasında münasibətlərə, ölkələrarası əlaqələrə, ölkələr daxilində qurumlararası münasibətlərə töhfə vermə imkanları qazandıran fəaliyyətdən söhbət gedir" – deyə diqqətə çatdıran Sədaqət Vəliyeva əlavə edib ki, bu, eyni zamanda Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük imkanlardan biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə