"Turizm haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edildi

"Turizm haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edildi

"Turizm infrastrukturu və onun subyekti turizm sahəsində fəaliyyətə yalnız onun barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edildikdən sonra başlayacaq". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bugünkü plenar iclasında "Turizm haqqında" qanun layihəsinin müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

İki ilə yaxın müddətdə qanun layihəsi üzərində işin getdiyini deyən H.Rəcəbli bildirib ki, bununla bağlı 10-dək ölkənin təcrübəsi öyrənilib: "Prezident İlham Əliyev ölkədə əməktutumlu iş yerlərinin sayının artırılmasına töhfə verəcək turizm sahəsinin inkişafını prioritet elan edib. Bu sektorun stimullaşdırılması məqsədi ilə qanun layihəsində bir sıra müddəalar nəzərdə tutulub. Sənəddə turizmin müxtəlif növlərinin hüquqi tənzimlənməsi və inkişaf strategiyası əksini tapıb. Turizm sektoruna sərmayə qoyan sərmayədarlara güzəştlərin tətbiqi planlaşdırılır. Qanun layihəsində nəzərdə tutulan tədbirlərin icrası ilə turizm mövsümü anlayışı aradan qaldırılacaq, ölkədə turizm günlərinin sayı artacaq".

Millət vəkili Əli Məsimli isə turizm sektorunun inkişafı üçün ekoloji təmiz məhsul istehsalının genişləndirilməsinin vacibliyinə diqqət çəkib: "Bundan başqa, qanun layihəsində öz əksini tapmış bələdiyyələrə verilən səlahiyyətlər çox mühümdür. Amma bələdiyyələrin bu səlahiyyətlərini yerinə yetirilməsinə mane olunmamalıdır".

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə