DİM-də buraxılış imtahanlarında yeni texnologiya tətbiq edilir AÇIQLAMA

DİM-də buraxılış imtahanlarında yeni texnologiya tətbiq edilir AÇIQLAMA

"DİM-də buraxılış imtahanlarındakı yazı işlərinin yoxlanılması prosesini izləmişəm". Bu sözləri SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, tamamilə yeni yanaşmalar, yeni texnologiyalar tətbiq olunur: "Bütün yazı işləri skanerdən keçirilib və hər bir sual üzrə ayrıca kodlaşdırılıb. Qabaqcadan qiymətləndirmə meyarları hazırlanıb, hər bir sualın qabaqcadan düzgün cavablarının müzakirəsi keçirilib və düzgün cavablar üzrə təxmini etalonlar müəyyən olunub. Qiymətləndirmə 3 ballıq sistemlə aparılır. Bu etalonlar və meyarlar üzrə qiymətləndirməni həyata keçirmək üçün müəllimlər – markerlər hazırlayıblar. Konkret bir sualın seçilməsi və yoxlanılması üçün markerlərin seçilməsi prosesini proqram təminatı random prinsipi ilə həyata keçirir. Bu qiymətləndirmədə hətta 1 ballıq fərq olarsa, proqram təminatı bu sualı avtomatik 3-cü bir markerə də yönləndirir. Proqram təminatını da özləri yazıblar. Köhnə İT qvardiyadan olan Oleq proqram təminatının indiyədək normal işlədiyini bildirdi.

Hər bir sualın qiymətləndirilməsi üçün markerlərə bəlli bir ödəniş edilir. Bir marker gündə təxminən 300 - 500 arasında sual yoxlaya bilir. Amma ödənişin məbləği mənə nədənsə çox az göründü. Görünən budur ki, DİM-in komandası yeni təhsil proqramına söykənən imtahanların yeni metodlar və yeni texnologiyalar əsasında təşkilinə və qiymətləndirilməsinə kifayət qədər ciddi yanaşır".

Bütün xəbərlər Facebook səhifəmizdə