“Caspian Energy Award” və “Caspian Business Award” mükafatları təqdim olunub

“Caspian Energy Award” və “Caspian Business Award” mükafatları təqdim olunub

Bakıda XIV Beynəlxalq "Caspian Energy Award-2017" və II Beynəlxalq "Caspian Business Award- 2017" mükafatlarının təqdimat mərasimi keçirilib. Bu barədə AZƏRTAC-a "Caspian European Club"dan (Caspian Business Club) bildirilib.

"Caspian Energy Award" və "Caspian Business Award" beynəlxalq mükafatları dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən, Xəzər-Qara dəniz və Baltik regionlarında il ərzində əldə etdiyi nailiyyətlərə görə siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndələrə, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim olunur. Bu mükafatlar "Caspian European Club"un və "Caspian Energy International Media Group"un dəstəyi ilə verilir.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə qeyd edib ki, təqdimat mərasimi Azərbaycan iqtisadiyyatının inkişafı üçün qərəzsiz işləyən və bu sahədə uğurlu nəticələr qazanan, ölkə üçün dəyərli şəxsiyyətləri bir araya gətirib. "Azərbaycanın uğurları və nailiyyətləri ildən-ilə artır, o cümlədən beynəlxalq arenadakı rolu da getdikcə genişlənir", - deyən Z.Səmədzadə sahibkarların, işgüzar insanların və dövlət strukturlarının birgə əməkdaşlığa cəlb edilməsində klubun böyük rolunu vurğulayıb.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev gömrük orqanlarının fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə minnətdarlığını bildirərək deyib: "Sizi əmin edirəm ki, gömrük orqanlarında aparılan islahatlar və modernizasiya, Azərbaycan sahibkarlarına və iqtisadiyyatına dəstək bundan sonra da davam etdiriləcək.

"Azərbaycanın İKT sektorunda uzun illər ərzində həyata keçirdiyim fəaliyyətimə verdikləri qiymətə görə kluba öz dərin minnətdarlığımı bildirirəm. Bu gün bura toplaşan hər bir şəxsin, hökumət orqanlarının və şirkətlərin nümayəndələrinin məqsədi ölkəmizin inkişafına xidmət etməkdir", - deyə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib.

"Caspian European Club" sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev klub barədə məlumat verərək deyib: "Caspian European Club" 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin və "Caspian Energy İnternational Media Group"un dəstəyi ilə yaradılıb. "Caspian European Club"un sədri Azərbaycan Prezidenti İlham Əliyevdir. Bu gün "Caspian European Club" öz sıralarında dünyanın 50 ölkəsindən 5 mindən çox şirkət və təşkilatı birləşdirir. Məhz Prezident İlham Əliyevin dəstəyi sayəsində Klubumuz Xəzər-Qara dəniz və Baltik regionlarında fəaliyyət göstərən iri, nüfuzlu, beynəlxalq təşkilatlardan birinə çevrilib".

T.Əliyev tədbir iştirakçıları adından "Caspian European Club"un sədri, Azərbaycan Prezidenti İlham Əliyevə "Caspian Energy International Media Group"un və "Caspian European Club"un fəaliyyətinə verdiyi dəstəyə görə dərin minnətdarlığını bildirib. O, uzun illər ərzində Klubun fəaliyyətində göstərdikləri dəstəyə və məhsuldar əməkdaşlığa görə dövlət qurumları, şirkət və təşkilat rəhbərlərinə minnətdarlıq edib, mükafata layiq görülən bütün nominantlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

"Caspian Energy Award–2017" mükafatı Xəzər-Qara dəniz ölkələrinin gömrük əməkdaşlığının inkişafındakı xüsusi töhfəyə görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə, Azərbaycanın İKT sektorunun inkişafına verdiyi töhfəyə görə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadəyə, kalibrləmə və ölçü xidmətlərinə görə "AzMETCO JSC"yə verilib.

"Caspian Business Award–2017" mükafatına isə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə layiq görülüb. İlin holdinqi "Azərsun Holdinq", ilin qənnadı fabriki "Ulduz" Şokolad Fabriki, ilin nəqliyyat şirkəti "Ase Asya Afrika Hk Ve Das Ar Branch", plastik boru və materialların istehsalı sahəsində ilin şirkəti "PolyMart" LLC, ilin neft və neft məhsullarının nəqliyyatı şirkəti "Cross Caspian Oil" and "Gas Logistics" LLC, yol infrastrukturunun yenidən qurulması və inkişafı sahəsində ilin şirkəti "Azəravtoyol" QSC, ilin neft-qazçıxarma birliyi SOCAR Azneft İB, ilin neft emalı zavodu SOCAR Heydar Aliyev Oil Refinery şirkəti, innovativ proqram təminatı istehsalı və ixracı üzrə ilin şirkəti R.İ.S.K Elmi İstehsalat şirkəti, tamkomplektli polad binaların inşası sahəsində ilin şirkəti "NABUCCO A&C", ilin yanacaqdoldurma məntəqələri şəbəkəsi "AZPETROL LTD" LLC, xarici bazarlara "elektron hökumət" həllərinin ixracatçısı "SINAM" LLC və gənc istedadlara göstərdiyi dəstəyə görə "Narimanfilm" LLC elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə